Ərdoğan prezident seçkilərinin vaxtını açıqladı

Ərdoğan prezident seçkilərinin vaxtını açıqladı

23-01-2023 17:38 / Bu xəbər 797 dəfə oxundu

O deyib ki, türk seçiciləri əvvəllər dediyi tarixdən bir ay tez seçkiyə gedəcəklər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə növbəti parlament və prezident seçkilərinin tarixini açıqlayıb.

Seçkilər mayın 14-ü olacaq.

Prezident bildirib ki, türk seçiciləri onun əvvəllər dediyi tarixdən bir ay tez seçkiyə gedəcək.

Ərdoğan seçki tarixini yanvarın 21-də Bursanın şimal-qərb əyalətində gənclərin konfransı zamanı elan edib.

Yanvarın 22-də yayımlanan tədbirin videosunda yenidən seçilmək istəyən Ərdoğanın bu sözləri eşidilir: "Allaha şükür edirəm ki, ilk dəfə səs verəcək siz, dəyərli gənclərimizlə yolumuzu bölüşmək nəsib oldu. Bu, mayın 14-də keçiriləcək seçkilərdə baş verəcək”.

Ərdoğan ilk dəfə seçkilərin ötən həftə mayın 14-də keçiriləcəyinə eyham vurmuşdu, lakin bazar günü rəsmi çağırışı martın 10-da edəcəyini və bundan sonra Türkiyə Ali Seçki Şurasının seçkilərə hazırlaşacağını bildirib.

68 yaşlı Ərdoğan 2003-cü ildən – əvvəl baş nazir, sonra isə 2014-cü ildən prezident kimi vəzifədədir, amma bu il ölkədə artan inflyasiya və problemli iqtisadiyyatla mübarizə apardığı bir vaxtda onu çətin və sıx seçkilər gözləyir.

Onunla rəsmi olaraq hansı namizədin mübarizə aparacağı hələ bəlli deyil, lakin rəy sorğuları Ərdoğanın bəzi potensial rəqibləri ilə müqayisədə geridə qaldığını göstərir.

Namizədlərdən heç biri 50 faizdən çox səs toplaya bilməsə, mayın 28-də səsvermənin ikinci turu keçiriləcək.

Builki seçkilər iyunun 18-də keçirilməli idi, lakin hakim AK Partiya (AKP) üzvləri yay və dini bayramlara təsadüf etməmək üçün tarixin dəyişdirilməsini təklif ediblər.(Meydan TV)