Ərdoğandan cəza xəbərdarlığı

Ərdoğandan cəza xəbərdarlığı

10-02-2023 17:08 / Bu xəbər 904 dəfə oxundu

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələnin beşinci günündə Adıyamanda olarkən bir sıra açıqlamalar verib.

O, zəlzələ nəticəsində ölənlərin sayının 18 min 991-ə çatdığını açıqlayıb.

Onun sözlərinə görə, yaralı sayı 75 min 523-dür.

Ərdoğan təbii fəlakətə müdaxilənin qeyri-kafi olduğunu vurğulayıb: "İstədiyimiz sürətə çata bilmədik. Zəlzələnin dağıntı təsiri 10 əyaləti əhatə etdiyindən işimiz çox çətin idi".
 
O çıxışında bunun səbəbini zəlzələnin 500 km ərazini əhatə etməsi ilə əsaslandırıb.

Ərdoğan həmçinin deyib ki, bəzi insanlar bazarları soyur, iş yerlərinə hücum edirlər: "Fövqəladə vəziyyət şəraitində sui-istifadə edənlərə lazımi sanksiyalar tətbiq olunacaq".

O qeyd edib ki, çadırda qalmaq istəməyən ailələrə köçürmə yolu ilə 15 min lirə kirayəhaqqı veriləcək.

Türkiyə Prezidenti hazırda zəlzələ bölgəsi ilə bağlı hərtərəfli proqramın hazırlayırladığını da deyib: "Zəlzələ bölgəsində dağılmış binaların altından sonuncu insan çıxarılana qədər axtarış-xilasetmə tədbirlərini davam etdirməyi qərara almışıq".

Xatırlatma 

Türkiyənin cənub şərqində fevralın 6-da 7,7 bal gücündə zəlzələ baş verib. 

Episentri Kahramanmaraşın Pazarcık bölgəsi olan zəlzələ baş verdiyi ərazidən başqa Kilis, Diyarbəkir, Adana, Osmaniye, Qaziantep, Şanlıurfa, Adıyaman, Malatya və Hataya da təsir edib.

Zəlzələnin əhatə etdiyi 10 bölgədə fövqəladə hal elan edilib.

Türkiyədə baş verən zəlzələ Suriyanı da vurub.

Bu ölkədə isə azı 2 min nəfərin öldüyü açıqlanıb. Dağıntılar altında qalanlar var.

Bu ölkədə də onlarla şəhər ziyan görüb. Bir neçə il öncəyədək ağır döyüşlərin getdiyi Hələbdə vəziyyət xüsusilə ağırdır.

UNESCO-nun Dünya İrsi siyahısında olan Hələb qalasına da ziyan dəyib.

Dünya Səhiyyə Təşkilatının (DST) rəsmiləri ölü sayının 20 minə çata biləcəyi haqda xəbərdarlıq edib.

DST-nin hesablamasının görə, təbii fəlakət zonasında 23 milyona yaxın əhali yaşayır və bu fəlakət onların hamısına təsir edəcək.