"Ərdoğanın güclənməsi İlham Əliyevə sərf edir" - Xalid Bağırov

17-07-2016 02:34 / Bu xəbər 3189 dəfə oxundu

Xalid Bağırov: "Biz Rauf Mirqədirov olayında gördük ki..."
 
"Bu olayların Ərdoğanın ssenarisi olduğu inandırıcı görünmür" 

Respublikaçı Alternativ Hərəkatının (REAL) İdarə Heyətinin üzvü, tanınmış vəkil - hüquqşünas Xalid Bağırov Türkiyədə baş verən son olaylar, hərbi çevriliş cəhdləri ilə bağlı Arqument.Az-a müsahibə verib. Bir sıra maraqlı və diqqətçəkən məqamlarla yadda qalan müsahibəni təqdim edirik: 

- Xalid bəy, Türkiyədəki hadisələri, konkret desək, hərbi çevriliş cəhdini necə qiymətləndirirsiniz? 

- Türkiyədəki problemin həlli Darbe deyil.  Zatən, Türkiyənin bu probleminin səbəbi darbeçilikdir (yakobinçilikdir). Türkiyənin problemi heç Ərdoğan höküməti də deyil, türk seçmənidir. Türkiyədə mühafizəkar kəsimin belə güclənməsinin səbəbi darbelərdir. Darbelər onları bitirmədi, əksinə, onları gücləndirdi və çoxaltdı. Hər darbedən sonra daha əzmlə və güclü gəldilər hakimiyyətə, ölkəni bir daha öz yapılarına uyğun dizayn etdilər.

- İddia edirsiniz ki, baş tutmayacaq darbe Ərdoğanı daha paranoik diktatora çevirəcək. Belə olacaqsa, bundan sonrakı proseslər nə ilə nəticələnəcək?

- Bunu istintaq etmədən demək çətindir. Mən, zatən, düşünürdüm ki, uğursuz Darbe Ərdoğanı daha gücləndirəcək və hətta paranoik səviyyəyə qalxacaq. O, özünün yıxılmaz olduğuna daha çox inanacaq və bundan çox arzuladığı nəticələri əldə etmək üçün istifadə edəcək. Bu artıq görünməkdədir. Çevriliş etmək istəyən təkcə ordu təmsilçiləri deyil, artıq Məhkəmə və prokurorluq əməkdaşları da sıradan çıxarılır. Bu qədər tez bir zamanda əsgərlərin başqa orqanlarda işbirlikçilərinin olmasının müəyyən edilməsi inandırıcı deyil. 

- Ərdoğan israrla hərbi çevriliş cəhdinin arxasında Fətullah Gülənin dayandığını deyir və ABŞ-dan onu Türkiyəyə təhvil verməsini tələb edir. Onun bu tələbinə Con Kerri də münasibət bildirib və Türkiyənin Gülənlə bağlı indiyədək müraciət etməyini deyib. Sizcə, bu çevriliş cəhdində "Hizmət" hərəkatının təsiri nə qədərdir? 

- Məncə, Fətullah Gülən məsələsi də Ərdoğanın yararlanmaq istədiyi fürsətlərdən biridir. Görünən odur ki, Gülən nəzarətə alınmayınca, Ərdoğan Türkiyənin islami camiəsini tam nəzarətə götürə bilməyəcəyinin fərqindədir. Bir də kimsəyi tələb etmək üçün öncə istintaqla onun təqsirini müəyyən etmək lazımdır. Yəni prokurorluqlararası müraciətlə tələb olunan şəxsin təqsirini göstərən istintaq sənədləri həmin şəxsin olduğu prokurorluğa təqdim olunmalıdır. Çox, təəssüf, biz Rauf Mirqədirov olayında gördük ki, Azərbaycan və Türkiyənin siyasi elitaları belə təhvil vermələrə hüquqi sürəc kimi deyil, siyasi sürəc olaraq baxırlar. Həmçinin Ərdoğanın Gülənlə bağlı açıqlamaları hadisə baş verən kimi və davamlı səsləndiyindən belə çıxır ki, o, Gülənin bu çevrilişə aidiyyətini istintaqla müəyyən edilmiş nəticə kimi görmək istəmir, əksinə, bundan sırf siyasi baxımdan təbliğat vasitəsi kimi istifadə edir.

- Bəzi iddialara görə bu olay Ərdoğanın qurduğu ssenaridir. Xüsusən, sosial şəbəkələrdə bu kimi iddialara çox rast gəlinir. Guya o, bu hadisədən istifadə edərək prezident üsul-idarəsini ölkəyə gətirəcək. 

- Baş verən hadisələrin həcmi, iştirakçıların çoxluğu və çoxşaxəliliyi bu hadisələrin Ərdoğanın özü tərəfindən ssenariləşdirilməsi kimi versiyaların inandırıcı olmadığını göstərir. Bu qədər tez bir zamanda əsgərlərin başqa orqanlarda işbirlikçilərinin olmasının müəyyən edilməsi inandırıcı deyil. Burdan görünür ki, Ərdoğan artıq bu fürsətdən yararlanmağa başlayıb.

- Türkiyədə bundan sonrakı siyasi düzən bölgədəki ölkələr üçün hansı perspektivləri vəd edir? Daha konkret desək, bu hadisələr Azərbaycan və Gürcüstan üçün necə xarakterizə edilə bilər...

- Mənə görə, Ərdoğanın güclənməsi İlham Əliyevə sərf edir, onların arasında oturuşmuş münasibətlər var. Lakin Türkiyə hadisləri Azəbaycanın gələcəyinə müsbət heç nə vəd etmir. Zatən, Türkiyə bizim üçün Polşa Ukrayna və ya Rumıniya Moldova üçün oynadığı qədər rol oynamayıb. Mən uzun zaman Türkiyəni çağdaş dünyaya çıxış üçün istinad nöqtəsi kimi görmüşəm. Ona görə də Türkiyədə baş verənləri həyacanla izləmişəm. Hazırda bu ölkəyə əlahiddə heç bir ümidim yoxdur. Azərbaycanın müasirlik perespektivinin Türkiyədən daha çox olmasına inanıram. Son hadisələr bunu bir daha təsdiq etdi. Nə qədər ki yanımızda müasir dünyaya açılmış və dənizə çıxışı olan Gürcüstan kimi bir çıxış nöqtəsi var, bizim də nə vaxtsa normal bir ölkə olmaq ümidimiz daim yaşayacaq.

- Azərbaycan iqtidarı və müxalifəti Türkiyədəki hərbi çevriliş cəhdini pislədi. REAL-ın bu məsələdə mövqeyi necədir?

- REAL hərbi çevrilişi prinsip olaraq keçərli fürsət saymır. Hərbi çevriliş vasitəsilə demokratiya qurulması təcrübəsi tarixdə görünməyib. Bunun Türkiyə üçün keçərli olmadığını yuxarıda göstərdim.

Şəmşad AĞA
Arqument.Az