"Ərəb şeyxləri nə ilə məşğuldursa, Azərbaycan hakimiyyəti də o işlə məşğuldur”

07-08-2019 17:18 / Bu xəbər 1274 dəfə oxundu

Azərbaycanın işğal olunan ərazilərinə gələn Ermənistanın Baş naziri Nikol Paşinyan Xankəndində "ümumerməni oyunları”nın açılışı zamanı "Artsax Ermənistandır, vəssalam!” ifadəsini işlədib.

Ermənistan mətbuatının məlumatına görə, o, çıxışına bu şüarla başlayıb.

N.Paşinyan 2018-ci ildə Ermənistanda nə baş verdiyini yaxşı anlamaq lazım olduğunu deyib: "Konstitusiyaya görə, Ermənistan xalqı öz müqəddəratını və gələcəyini həll edir. Ermənistanda məxməri inqilab bütün dünya üzrə erməniləri konsolidasiya edib”.

Bundan başqa, N.Paşinyan deyib ki, Ermənistan daim Dağlıq Qarabağ üçün arxa olub və Dağlıq Qarabağ irəlidə stabillik təmin etməklə Ermənistanı müdafiə edib, ona güc verib.

"Ümumerməni inqilabı deyəndə söhbət təkcə Ermənistandan getmir. Burada həm də söhbət "Artsax”da, (ermənilərin Dağlıq Qarabağı adlandırdığı versiya – red.) diasporada inqilabdan gedir. İnqilab hələ bitməyib. Onun uğurla başa çatması üçün düşüncə tərzini dəyişmək lazımdır”, - Paşinyan deyib.

Azərbaycan Prezidenti Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan Baş nazirinin səfərinə və çıxışına sərt reaksiya verib: "Azərbaycan dövləti və xalqı heç vaxt Ermənistanın törətdiyi hərbi işğal və qanlı etnik təmizləmə vasitəsilə ölkəmizin ərazi bütövlüyünün pozulmasına və Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinə imkan verməyəcək”.

Hikmət Hacıyev 

O bildirib ki, Nikol Paşinyanın Azərbaycanın işğal olunmuş ərazilərini Ermənistan adlandırması, Ermənistanla qondarma rejimin birləşdirilməsinə çağırış etməsi Ermənistanın əsl məqsədinin işğalçılıq olduğunun növbəti açıq ifşasıdır: "Azərbaycanın işğal olunmuş ərazilərinin ilhaqına çağırmaq beynəlxalq ictimaiyyətə, xüsusilə münaqişənin danışıqlar yolu ilə həllinə məsul olan ATƏT-in Minsk qrupunun həmsədrlərinə hörmətsizlik və məsuliyyətsizlik kimi qiymətləndirilməlidir. Ermənistan Baş nazir səviyyəsində beynəlxalq hüququn norma və prinsiplərini, BMT Nizamnaməsini, Helsinki Yekun Aktını ayaq altına atır, təhqir edir və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçilik etdiyi danışıqlar prosesini məhv edir”.

Bu barədə Toplum.tv-yə danışan politoloq  Zərdüşt Əlizadə Paşinyanın çıxışına fikir bildirib. 

Onun sözlərinə görə, Paşinyanın bu çıxışından sonra Azərbaycan heç bir şey etmiyəcək: "Paşinyanın bu çıxışından sonra Azərbaycan hakimiyyəti daha böyük əzmlə neft büdcəsini oğurlamağa davam edəcək. Xaricdə daha çox daşınmaz əmlak alacaq, ofşor hesablarda daha çox pul gizlədəcək. Xalqın başının altına yastıq qoymaq üçün gülüş doğuran bəyanatlar verəcək. Yenidən İrəvanın qədim Azərbaycan torpağı olduğunu deyəcək. Bu kimi çıxışlar edəcək. Ermənilər də daha 30 il Qarabağı işğal altında saxlayacaq. Qarabağ münaqişəsi dönüb olacaq Fələstin münaqişəsinin oxşarı. Necə ki, 70 ildir İsrail Fələstin torpaqlarını işğal altında saxlayır. Ərəb şeyxləri indi nə ilə məşğuldursa, Azərbaycan hakimiyyəti, nazirləri, deputatları da o işlə məşğuldur”. 
 
Politoloq  ATƏT Minsk qrupunun  bu barədə çıxışlarının boş olacağını bildirib: "ATƏT-in Minsk qrupunun işi münaqişəni tənzimləməkdir. Müharibə olmadan status kvonun dəyişməməsi də tənzimləməyə daxildir. Əsas budur ki, neft və qaz xaricə axsın. Pullar getsin qərbin banklarında yığılsın. Xalq da əlini sallayıb bütün bu olanları acizanə tamaşa eləsin. Hikmət Hacıyev isə məmurdur, vəzifəsinə görə çıxıb nəsə deməlidir”. 

"BMT Təhlükəsizlik Şurasının çıxardığı qətnamələri fikir verən yoxdur, o ki qalsın Minsk qrupunun bəyanatları ola. Qarabağı qaytarmaq istəyən hakimiyyət bu cür biabirçi siyasət aparmaz. Xalqı ilə müharibə aparmaz. Öz sərvətini talayıb xaricə qaçırmaz. Qarabağı sevən xalqın ziyalıları hakimiyyətin əlinə baxmaz. Qarabağı sevən xalq bu qədər mağmın olmaz. Siyasətə bu qədər biganə olmaz”, - şərhçi deyib.

Zərdüşt Əlizadə ümumerməni oyunlarına da toxunub. Deyib ki, bu il oyunları Xankəndində keçirilməklə Ermənistan Azərbaycana mesaj verir: "Demək istəyir: "Azərbaycan, sən heçnəsən və heçkimsən. Sənin hakimiyyətinin boşboğaz bəyanatlarına fikir vermirik. Qan tökmüşük, vuruşmuşuq, Qarabağı almışıq””.

Əbülfət Baxşəli
Toplum.Tv