Ərəstun Oruclu: "Azərbaycan məhkəməsi ölkəmiz üçün üz qarasıdır"

Ərəstun Oruclu:

14-03-2021 00:28 / Bu xəbər 1714 dəfə oxundu

"Tərtər qətliamının səbəbkarları olan cinayətkarların təqdim olunmasını bilərəkdən ilk növbədə hal-hazırda vəzifədə olanlardan başlamışam. "Tərtər işində" törədilmiş vəhşiliklərə görə onları sifariş və icra edənlərdən də daha çox başda Ali Məhkəmə sədri Ramiz Rzayev olmaqla onlarla hakim məsuliyyət daşıyır". 

Bunu politoloq Ərəstun Oruclu özünün feysbuk hesabında yazıb.

"Ümumiyyətlə, siyasi hakimiyyətdən tam asılı olan, əslində isə 3 hakimiyyət qanadından biri rolunu yerinə yetirməli olan Azərbaycan məhkəməsi ölkəmiz üçün əsl üz qarasıdır. Polisdə, prokurorluqda, xüsusi xidmət orqanlarında törədilən qanunsuzluqlar, zorakılıqlar və digər cinayətlər məhz məhkəmələr tərəfindən "qanuniləşdirilir". Amma Azərbaycan məhkəmələri təkcə dövlətin üz qarası deyil, həm də ölkənin vətəndaşlarına qarşı amansız bir alətdir. "Tərtər işində" şərlənərək həbs olunmuş 25 nəfərə 10-20 il arası həbs cəzası verilib, amma yerli məhkəmələrin çıxardığı bu hökmlərə nə apellyasiya məhkəmələri, nə də Ali Məhkəmə etiraz etməyib. Halbuki baxılan işlər üzrə məhkəmə istintaqı aparmaq hər bir məhkəmə instansiyasının qanunla müəyyən olunmuş səlahiyyəti və borcudur. Amma bu istintaq aparılmayıb və aparıla da bilməzdi, çünki bütün məhkəmə instansiyaları dövlət adına vətəndaşlara qarşı törədilən cinayətlərə hüquqi don geyindirən oyuncaq qurumlardır", - o bildirib. 

Oruclu deyir ki, bu təkcə öz konstitusion funksiyasını yerinə yetirməmək yox, həm də Azərbaycan vətəndaşlarına, dövlətinə və xalqına qarşı cinayətlər törətməkdir: "Cinayət törədənlərin isə adı cinayətkardır. Dövlətin əsgərinə, ordusuna qarşı cinayət törədənə isə düşmən deyilir. Bu qədər sadə. Azərbaycan xalqının düşmənlərini tanıyaq və tanıdaq! Bunu edək ki, onlar rahat yata və hətta rahat yaşaya bilməsinlər. Xalqa düşmən olanların buna haqqı yoxdur!"