Erkin Qədirli: "Biz beynəlxalq hüququn inkar edildiyi mərhələdəyik"

Erkin Qədirli:

28-04-2022 11:18 / Bu xəbər 3463 dəfə oxundu

"Biz beynəlxalq hüququn, onun hüquqi təbiətinin inkar edildiyi mərhələdəyik"

"Ukrayna ərazisində müxtəlif beynəlxalq cinayətlər törədilir: bəşəriyyətə qarşı cinayətlər, müharibə cinayətləri”.

Bunu Avropa Şurası Parlament Assambleyasının 27 aprel sessiyasında deputat Erkin Qədirli səsləndirib.

Erkin Qədirli Buça, İrpen və digər yerlərdən gələn xəbərlərə əsaslanaraq bildirib ki, bu cinayətlərin bəzilərinin soyqırım xarakterli olduğuna inanmaq üçün əsaslar var: "Ancaq bütün bunlardan əlavə, xüsusi diqqətə layiq olan bir cinayət var və bu, təcavüz cinayətidir. Beynəlxalq cinayətlər iki kateqoriyaya bölünür: beynəlxalq hüquqa görə cinayətlər və beynəlxalq hüquqa qarşı cinayətlər. Beynəlxalq cinayətlərin böyük əksəriyyəti birinci qrupa aiddir. Bunlar müvafiq beynəlxalq müqavilələrlə təsbit edilir – terrorizm, müəyyən silahların qanunsuz istifadəsi, insan alveri, narkotiklərin qanunsuz dövriyyəsi və s. Bunlar beynəlxalq hüquqa görə cinayətlərdir”.

"Təcavüz isə özünəməxsus cinayətdir. Bu, beynəlxalq hüquqa görə deyil, beynəlxalq hüquqa qarşı cinayətdir. O, beynəlxalq hüququn hüquqi fenomen kimi fundamental inkarına əsaslanır. Biri var ki, kimsə beynəlxalq hüququn səmərəsizliyindən məyus olur və biz hamımız beynəlxalq hüququn mükəmməllikdən uzaq olduğunu, əslində çox zəif olduğunu, çox vaxt güclü dövlətlər tərəfindən sui-istifadə edildiyini bilirik. Ancaq beynəlxalq hüququn hüquqi təbiətinin inkar edilməsi tam başqadır”, – ReAl Partiyasının Siyasi Komitəsinin üzvü belə deyib.

Onun sözlərinə görə, cəzasızlıq o deməkdir ki, ya qanunla nəzərdə tutulmuş cəza yoxdur, ya da qanunla nəzərdə tutulmuş cəza var: "Lakin kimsə ondan qaça bilir və ya hər hansısa səbəbə görə cəzadan kənar qalır. Ayrıca olaraq, rus dilindəki "безнаказанность” sözü isə hər hansı bir cəzanın prinsipcə ola bilməməsi anlamına gəlir. İstər qanunda, istər əxlaqda və hətta ictimai rəydə”.

O, 24 fevradan sonra Rusiya siyasətçilərinin təcavüzkar açıqlamalarına diqqət çəkib: "Rus siyasətçilərindən tez-tez "Varşavanı bombalayacağıq”, "tanklarımız yenidən Praqada olacaq”, "Berlin bizə yalvaracaq”, "Baltik ölkələri saxtadır”, "Ukrayna heç vaxt mövcud olmayıb” və s. eşidirik. Onlardan biri – Rusiya Dövlət Dumasının deputatı Mixail Delyagin daha da irəliyə gedərək: "Rusiya Azərbaycana qarşı taktiki nüvə silahından istifadə edə bilər” və hətta "istifadə etməlidir”, – deyib. Bilirsiniz niyə? Çünki Azərbaycan Ukraynaya humanitar yardım edir. Bu sözlər bu qədər asan başa gəlməməlidir. Biz beynəlxalq hüququn, onun hüquqi təbiətinin inkar edildiyi mərhələdəyik”.

Rusiyalı deputat, "Ədalətli Rusiya” fraksiyası sədrinin məsləhətçisi Mixail Delyaqinin martın 28-də "Rossiya 24” kanalında çıxış edib.

"60 dəqiqə” verilişində Azərbaycanın Dağlıq Qarabağda atəşkəsi pozduğunu söyləyərək iddia edib ki, Bakıdan hücum təhlükəsi var.

Azərbaycanı Türkiyənin "əlaltı”sı adlandıran deputat daha sonra deyib: "Azərbaycan sərt və birmənalı şəkildə cəzalandırılmalıdır. Azərbaycanın neft sənayesi bizim nəyimizə lazımdır? Bizim ona ehtiyacımız yoxdur. İnsanlar sözləri başa düşmürlərsə, yəqin ki, əməlləri ilə başa düşməli olacaqlar. Əgər bunları etməsək, biz mövcud olmayacağıq. Yeganə sual budur”.

Xatırlatma

Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayıb.

Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.

Ukrayna, Qərb liderləri hərbi əməliyyatları pisləyib, Putinin buna görə cavab verəcəyini bildirib.

Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.
Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.

Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.