Erkin Qədirli: "Hökumət sosial şəbəkələrə uduzur" (VİDEO)

Erkin Qədirli:

17-03-2020 14:28 / Bu xəbər 1508 dəfə oxundu

"Sosial şəbəkələr və digər məlumat məkanları yoxlanılmamış, təxribatsayağı açıq-aşkar yalan məlumatlarla doludur. Açığı hökumət sosial şəbəkələrə uduzur".

Arqument.Az xəbər verir ki, bunu martın 17-də Milli Məclisin plenar iclasında deputat Erkin Qədirli deyib.

O bildirib ki, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna təklif edilən dəyişikliyi dəstəkləyir: "Sosial şəbəkələr yoxlanılmamış, açıq-aşkar yalan məlumatlarla doludur. Ciddi məlumatları şit zarafata çevirirlər. Bəzən yayılan yalan informasiyaya qarşı digər yalan məlumatlar yayılır. Yalanın qarşısına həqiqətlə çıxmaq lazımdır. Bizim ictmaiyyətin problemi inandırıcılıqla bağlıdır. Hətta beynəlxalq tirbunalarda da bu məsələdə bəzən uduzuruq. Ən çətini inandırıcılıqdır”.

Qeyd edək ki, ictimai təhlükəsizliyə təhdid yaradan informasiyaların KİV-də yerləşdirilməsinin qadağan edilməsi nəzərdə tutulub. Bu, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə görə, internet informasiya ehtiyatı və domen sahibi həmin informasiya ehtiyatında insanların həyat və sağlamlığına ziyan vurulmasına, əhəmiyyətli əmlak ziyanının törədilməsinə imkan verməməlidir. 
 
Eyni zamanda ictimai təhlükəsizliyin kütləvi surətdə pozulmasına, həmçinin həyat təminatı obyektlərinin, maliyyə, nəqliyyat, rabitə, sənaye, energetika və sosial infrastruktur obyektlərinin fəaliyyətinin pozulmasına və başqa ictimai təhlükəli nəticələrin baş verməsinə təhdid yaradan yalan məlumatlar yerləşdirilməsinə yol verilməməlidir.

Müzakirəyə olunan layihə səsverməyə çıxarılaraq qəbul edilib.