Erkin Qədirli: “Keşikçidağda baş verənlər Rusiyanın təxribatıdır”

Erkin Qədirli: “Keşikçidağda baş verənlər Rusiyanın təxribatıdır”

16-07-2019 17:19 / Bu xəbər 1182 dəfə oxundu

"Moskvanın təxribatına uyub strateji üstünlüyümüzü itirməməliyik” 

Bunu ReAl Partiyası sədrinin müavini Erkin Qədirli özünün sosial şəbəkələrdəki hesabında yazıb.

O qeyd edib ki, Keşikçidağda son bir neçə ay ərzində baş verənlər təxribatdır.

Onun sözlərinə görə, məişətdən tutmuş siyasətə qədər, iki tərəfin arasında mübahisə olanda, həmin mübahisədən yararlanmağa çalışan üçüncü tərəf ortaya çıxır: "Üçüncü tərəfin öz maraqları olur, həmin maraqlar mübahisənin birbaşa iştirakçılarının maraqlarından asılı deyildir. Üçüncü tərəfin məqsədi hər nədirsə, vasitəsi təxribatdır. Təxribatın məqsədi - başqasını, onun özü üçün haqlı saydığı davranışa vadar etməkdir. Keşikçidağda Gürcüstan da, Azərbaycan da özünü haqlı sayır. Təxribat üçün çox uyğun bir durumdur”.

Erkin Qədirli deyib ki, burada üçüncü tərəf Rusiyadır. O hesab edir ki, Gürcüstanda indiki hökumətin Rusiyayla bağlı yanlış siyasəti Gürcüstanı Rusiyadan çox asılı duruma gətirib çıxarıb: "Güney Qafqazda böyük dövlətlərin qarşıdurması gedir. Ermənistan Rusiyanın əlindədir. Gürcüstan Qərbə doğru getdiyini desə də, Saakaşvillidən sonra faktiki olaraq Rusiyanın təsiri altına düşüb. Ermənistanın da, Gürcüstanın da qərbyönümlüyü daha çox ritorikdir - ikisi də iş görməkdən daha çox danışırlar. Bölgəmizdə Qərb üçün ən önəmli ölkə Azərbaycandır. Azərbaycan az danışır, amma Qərb üçün ən çox iş görən Azərbaycandır. Gürcüstanı da ayaqda tutan Azərbaycandır. Bunu, təbii ki, ilk növbədə öz maraqlarımız üçün edirik, amma burada maraqlarımız Qərblə üst-üstə düşür. Təəssüf ki, bunların mənfi yan təsirləri də vardır. Örnəyi, daxili azadlıqlarımız, demokratiyamız və s. inkişaf etmir, resurslarımız daha çox geopolitik layihələrə xərclənir. Bu haqda da yazılarım olub. Mütəllibovdan sonra ölkəmizdə Prezident olmuş heç bir rəhbər Rusiyayönümlü siyasət yürütməyib. Azərbaycan Qərbə çox bağlıdır, ona görə də Rusiya buraya birbaşa girə bilmir, Ermənistandan vasitə kimi istifadə edir. İran da bunun eynisini etməyə çalışır”.

Qədrili vurğulayıb ki, gürcülərin şovinizmi, dindarlığı, ilk fürsətdə bizə qarşı çıxa biləcəkləri hər zaman yaxşı bilinib. "Burada hazırlıqsız yaxalandığımızı düşünmürəm. Azərbaycan sərhədçisinin atəş açmaması, müqavimət göstərməməsi doğru davranışdır. Atəş açmağa haqqı vardı, amma haqq hər şeydən üstün deyildir. Kontekst önəmlidir. Rusiya Azərbaycanla Gürcüstanın arasını vurmaq istəyir. Zamanı da uyğun seçib. Son zamanlara qədər edə bilmirdi, çünki Saakaşvilli Rusiyanı Gürcüstandan uzaq tuturdu. İndiki hökumətin yanlış siyasəti nəticəsində Rusiya Gürcüstan iqtisadiyyatında, o cümlədən enerji sektorunda, önəmli üstünlüklər əldə edə bilib. Ayrıca, Gürcüstan toplumunda təsiri az olmayan Rusiyayönümlü qruplar var. Üstəlik, Gürcü Kilsəsinin siyasi səhnədə rolu böyükdür. Gürcü Kilsəsi Rus Kilsəsinin (əslində, elə Rusiyanın) maraqlarını nəzərə almalı olur. Örnəyi, Ukrayna Kilsəsini tanımır. Gürcü dindarlarının oradakı soydaşlarımıza mənfi münasibəti də məlumdur. Gürcülərin "David Qareci", bizimsə "Keşikçidağ" adlandırdığımız yer, bizim üçün dini önəm daşımır, amma gürcülər ona dini gözlə baxırlar. Burada duyğuların həcmi, yönü və gərginliyi bizim xeyrimizə deyil. Rusiya bunu yaxşı bilir, ona görə də oradan bir münaqişənin çıxmasına çalışır. Rusiya Azərbaycanın gücünü əsas hədəfdən (Ermənistandan) yayındırmaq istəyir”.

ReAl funksioneri bildirib ki, Gürcüstanın indiki hökumətinin yanlış siyasəti nəticəsində, Rusiyanın bizə qarşı oyununa gəlir: "Rusiya gürcülərin stereotiplərində ustalıqla oynayır. Bizim stereotiplərimizdə oynaya bilmir. Çünki Ermənistanla qarşıdurmamızda İrəvanın açıq müttəfiqi olması faktından doğan fürsətlər məhdudiyyətini bilir. İkincisi, ölkəmizin iç bazarında önəmli payı yoxdur, ona görə də birbaşa təsir imkanları azdır. Üçüncüsü, dini fərqlərin olmasından duyğularımızda oynaya bilmir. Dördüncüsü, strateji olaraq Türkiyəyə bağlılığımızı bilir. Beşincisi, İsraillə hesablaşır. Nəzərə alaq ki, Rusiyanın bizə mümkün təzyiqinin qarşınının alınmasında İsrailin rolu böyükdür. Altıncısı, Rusiyanın ölkəmizdə dayağı sayıla biləcək müxalifət yoxdur. Yeddincisi, nəhəyət, bəzi məsələlərdə (örnəyi, Türkiyəylə münasibətlərdə, Quzey Qafqazda təhlükəsizlik və sabitlik məsələlərində) Rusiyanın özünün Azərbaycana ehtiyacı vardır. Bununla belə, Rusiyanın strateji məqsədi - Azərbaycanın Qərbə doğru gedən yolunu bağlamaq, ya da, ən azından, çətinləşdirməkdir. Azərbaycanın Qərbə doğru gedən yolu Gürücstandan keçir”.

Erkin Qədrili vəziyyətdən çıxış yolu kimi, bəzi məqamlara diqqət çəkib: "Gürcüstana cavabımız yararımıza nəticə doğuracaq qədər təsirli, eyni zamanda da təmkinli olmalıdır. Orada və oraya təsir imkanlarımız çoxdur. Rusiyanın təxribatına uyub strateji üstünlüyümüzü itirməməliyik”.