Erkin Qədirli: “Media haqqında” qanun layihəsinin əleyhinə səs verdim"

Erkin Qədirli: “Media haqqında” qanun layihəsinin əleyhinə səs verdim

14-12-2021 18:48 / Bu xəbər 1331 dəfə oxundu

"Layihədə jurnalistikanın bürokratikləşməsi meylləri görünür”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Erkin Qədirli "Media haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, jurnalistika azad peşədir: "Dövlət vəzifəsi deyil ki, biz bu fəaliyyəti belə bürökratlaşdıraq. Belədirsə, media Əqli Mülkiyyət Agentliyində qeydiyyatdan keçsin. Mən bu gün qanun layihəsinin lehinə səs verə bilməyəcəyəm. Cinayət zamanı ibtidai işlərlə bağlı məlumatların yayılması məsələsi var. Mediada yayımlanmış xəbər cinayət işinin başlanması səbəbi ola-ola, media bu xəbəri yaymaq üçün prosessual şəxslərdən icazə almalıdır. Bu nəyə gərəkdir? Qanunda adı keçməyən prosessual şəxs var ki, o, vəkildir. Jurnalist vəkildən aldığı məlumatı da yaymamalıdır? Bu müddəalar medianın işini məhdudlaşdırır. Keçid müddəalarında bu qanunun 1 yanvar 2022-ci ildən qüvvəyə minəcəyi yazılıb. Bu əminlik hardandır? Konstitusiyaya görə Prezidentin 56 günü var. Bəlkə, dövlət başçısı bu qanunu son gün imzalayıb təsdiqləyəcək?”(APA)

Erkin Qədirli "Arqument.az"a deyib ki, qanun layihəsinin əleyhinə səs verib və oradakı məhdudiyyətlərə etiraz edib. 
 
Dekabrın 14-də Azərbaycan Milli Məclisi jurnalistlərin və ekspertlərin ciddi tənqidinə səbəb olan "Media haqqında" qanun layihəsini birinci oxunuşda qəbul edib.

KİV nümayəndələrinin qanun layihəsini geniş müzakirə etmək çağırışlarına məhəl qoyulmayıb. 

Deputatlar bu sənəddə hər hansı problem görməyiblər və birinci oxunuşda onun qəbulunun lehinə səs veriblər.