Erməni əsilli Livan vətəndaşı Bakıda 20 il azadlıqdan məhrum edildi

Erməni əsilli Livan vətəndaşı Bakıda 20 il azadlıqdan məhrum edildi

14-06-2021 14:18 / Bu xəbər 943 dəfə oxundu

O, cəzasının ilk 5 ilinin həbsxana rejimində, qalan 15 ilini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir

Bakıda mühakimə olunan erməni əsilli Livan vətəndaşı Eulcekcian Viken Abrahama hökm oxunub. 

Bakı Hərbi Məhkəməsinin hakimlərinin çıxardığı hökmə əsasən, o, 20 il azadlıqdan məhrum edilib. 

Hökmdə göstərilib ki, o, cəzasının ilk 5 ilinin həbsxana rejimində, qalan 15 ilini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.

1979-cu il təvəllüdlü Viken Abraham Azərbaycan Cinayət Məcəlləsinin 114.3 (muzdlunun hərbi münaqişədə və ya hərbi əməliyyatlarda iştirakı), 214.2.1 (terrorçuluq qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən törədildikdə), 318.2 (Azərbaycanın dövlət sərhədini qanunsuz keçmə) və başqa maddələrilə təqsirli bilinib.

Hökmdə yazılıb ki, Eulcekcian Viken Abraham Livanda yaşayıb. 

O, Qarabağa 2500 dollara Azərbaycana qarşı döyüşmək üçün gəlib. O, istintaqa ifadəsində də bunu etiraf edib.

Viken Abrahamın 5 il qeyri-rəsmi nikahda yaşadığı Maral Nazaryan istintaqa video-ifadəsində də onun 2500 dollar pul müqabilində döyüşmək üçün Qarabağa gəldiyini bildirib.

Maral Nazaryan da noyabrın 10-da Şuşada onunla birlikdə Azərbaycan hərbçiləri tərəfindən saxlanılıb. Lakin bu ilin martında Azərbaycan onu azad edib.

Təqsirləndirilən Viken Abraham isə ittihamları qəbul etmir. O, məhkəmədə dindirilərkən deyib ki, istintaqdakı ifadəsini təzyiq altında verib. 

Maral Nazaryanın video-ifadəsi məhkəmədə nümayiş etdirilərkən Abraham onun dediklərinin yalan olduğunu bildirib: "Bizi üzləşdirməyiblər. Üzbəüz olsaydıq, heç vaxt bu yalanları deməzdi...”

Təqsirləndirilən şəxs Maral Nazaryan ilə 5 ildir birlikdə yaşadıqlarını, 2020-ci ildə yaşamaq üçün Ermənistana, oradan da Qarabağa köçdüklərini bildirib. 

Onun sözlərinə görə, müharibə başlayanda beton zavodunda idarə etdiyi avtomobili Ermənistan Silahlı Qüvvələrinin hərbçiləri saxlaxdırıb. Onu zorla müharibəyə göndəriblər. Viken Abraham əlavə edib ki, müharibənin dayandığı elan olunandan sonra noyabrın 10-da Maral Nazaryanla birlikdə Şuşadakı oteldən geyimlərini götürməyə gələndə Azərbaycan hərbçiləri tərəfindən saxlanılıblar.///meydan.tv