"Erməni kəşfiyyatçısını saxlayan hərbçiləri Nəciməddin Sadıkov ordudan qovub" - Həbib Müntəzir

11-09-2020 11:12 / Bu xəbər 1710 dəfə oxundu

Avqustun 23-də Goranboy istiqamətində Ermənistan ordusunun kəşfiyyat-diversiya qrupunun rəhbəri, baş leytenant Qurgen Alaverdiyanın tutulmasında iştirak edən hərbçilərin ordu sıralarından qovulduğu deyilir.

Bu barədə məlumatı bloger, Meydan TV-nin təsisçilərindən olan Həbib Müntəzir yayıb. Onun əldə etdiyi məlumata görə, 1 gizir, 4 MAXE (Müddətdən artıq xidmət edən hərbi qulluqçu) ordu sıralarından qovulub, böyük komandırın, taqım komandirinin rütbəsi alınıb, ümumilikdə 14 hərbçi cəzalandırılıb.

"Bütün bunlar Baş Qərargah rəisi Nəcməddin Sadıkovun əmri ilə icra olunub. Müdafiə Nazirliyinin Təhlükəsizlik Baş idarəsi hərbi hissədə yoxlama aparıb. İdarənin rəisi isə general-mayor Ramil Əsgərovdur. O, Baş Qərargah rəisi Nəcməddin Sadıkovun bacısı oğludur”, - Həbib Müntəzir yazıb.

Məlumatda bildirilir ki, buna səbib erməni əsirin görüntülərinin smartfon telefonla çəkilib ictimailəşməsi olub.

Müdafiə Nazirliyinin Mətbuat Xidməti baş verənləri "virtualaz.org” saytına qismən təsdiqləyib. 

Nazirlik hərbçilərin Nəcməddin Sadıkov tərəfindən cəzalandırıldığını təkzib etsə də, hərbçilərin cəzalandırıldığını etiraf edib:

"Bu deyilənlər uydurmadır, ordu rəhbərliyinə qarşı böhtandır. Baş verənlərlə bağlı bunları bəyan edirik ki, bəzi hərbi qulluqçular Azərbaycan ordusunda smartfon tipli telefonlardan istifadənin qadağan olunması barədə müvafiq əmrin tələblərini kobud şəkildə pozublar. Belə ki, həmin hərbi qulluqçular ələ keçirilən erməni kəşfiyyatçısının foto və videogörüntülərini çəkərək yaxın qohumarına göndəriblər, nəticədə görüntülərin sosial şəbəkələrdə yayılmasına şərait yaradıblar. Faktla bağlı aparılan ilkin araşdırmaların nəticəsi olaraq təqsirkar hərbi qulluqçular xidmətdən ehtiyata buraxılıb və toplanan materiallar hüquqi qiymət verilməsi üçün Hərbi Prokurorluğa göndərilib”.

Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, avqustun 23-də saat 05:45-də Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupu təxribat törətməyə cəhd göstərib. Döyüş zamanı erməni diversiya qrupunun komandiri, ilkin dindirməyə görə baş leytenant Qurgin Alberyan, əsir götürülüb.

Ermənistan Müdafiə Nazirliyi isə Azərbaycan tərəfinin məlumatlarını təkzib edib. Nazirliyin mətbuat katibi Şuşan Stepanyan deyib ki, avqustun 22-də, saat 19:30 radələrində, döyüş məntəqəsini yoxlamaq üçün zabit Qurgen Alaverdiyan (Azərbaycan MN onu Qurgin Alberyan kimi təqdim edib) əlverişsiz hava şəraiti səbəbindən azıb və itkin düşüb.