Ermənilər daha 7 meyitin götürüldüyünü deyirlər

Ermənilər daha 7 meyitin götürüldüyünü deyirlər

13-01-2021 16:07 / Bu xəbər 580 dəfə oxundu

Hazırda Talış və Suqovuşan istiqamətində axtarışların davam etdiyi bildirilir

Ermənistan tərəf Füzuli, Cəbrayıl və Qarabağ istiqamətində daha 7 hərbçinin meyidini götürüb.

Bu barədə qondarma Dağlıq Qarabağ Respublikasının fövqəladə vəziyyət üzrə xidmətinin əməkdaşı Unan Tadevosyan "armenpress"ə bildirib.

"Bu günə qədər döyüş bölgələrində ölən hərbi və mülki şəxslərin sayı 1 229 nəfərdir. Hazırda Talış və Suqovuşan istiqamətində axtarışlar davam edir”, - o bildirib.

Ermənistan Səhiyyə Nazirliyi 3 min 330 nəfərin öldüyü haqda məlumat yayıb: "1600 nəfər itkin düşüb, 8300 nəfər yaralı var".

Sentyabrın 27-də Ermənistan və Azərbaycan Ordusu arasında cəbhənin bütün istiqamətlərində hərbi əməliyyatlar başlayıb.

44 gün davam edən müharibə nəticəsində Azərbaycan Ordusu tərəfindən noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib.

İndiyədək Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəkliyin azad olunduğu bildirilir.

Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın Baş naziri münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıb.

Bəyanata uyğun olaraq, 2020-ci il dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonları Azərbaycana təhvil verilib.///meydan.tv