Ermənilərdən növbəti TƏXRİBAT
05-01-2014 02:07 / Bu xəbər 1058 dəfə oxundu
Qondarma "DQR"in "naziri" Karen Mirzoyan Moskvada yaşayan talışların guya onlar üçün «ürəklərinin getdiyini» deyir
Ermənilərin mütəmadi olaraq Azərbaycana qarşı separatçı və təxribatçı mövqe sərgiləməsi və bunu həyata keçirməsi adi hala çevrilib.
JAM.AZ xəbər verir ki, Dağlıq Qarabağda erməni terrorçularının həyata keçirdiyi qətliamlar nəticəsində bu gün ölkənin 20 faizi işğal altına düşüb. Amma bununla yetinməyən düşmən yeni-yeni vasitələrə baş vurur.
Belə ki, Qarabağı işğalı altında saxlayan Ermənistan, paralel olaraq sosial şəbəkələr və digər layihələr fonunda təxribatçılığını davam etdirir. Məsələn, bu yaxınlarda Facebook-da «Ləzgistan», «Şirvan dövləti» kimi səhifələr yaradaraq, öz çirkin niyyətlərini həyata keçirməyə çalışırlar.
Bu prosesdə Ermənistan hakimiyyəti öz yaxasını bir qədər kənara çəkərək, qabağa Qarabağdakı separatçıları verib. Elə bu səbəbdəndir ki, özünü qondarma «dövlət»in «naziri» kimi təqdim edən Karen Mirzoyan sözün həqiqi mənasında həyasızlığın ən axırıncı modelinə əl atıb.
JAM.AZ xəbər verir ki, qondarma «DQR»in «XİN başçısı» olan Karen Mirzoyan bu dəfə «talış kartı»nı gündəmə gətirərək, bununla Azərbaycanda min illərdir məskunlaşmış, bu ölkənin ən ləyaqətli vətəndaşları olan talışların «könlünü» ala biləcəyini düşünüb. Bu erməni bici «Regnum» saytına verdiyi müsahibəsində bildirib ki, guya, Azərbaycanda azsaylı xalqlar diskriminasiyaya məruz qalır və onlardan biri də talışlardır. Bu azmış kimi, bu həyasız erməni separatçısı deyib ki, guya, Rusiyada yaşayan talışların Qarabağ erməniləri üçün az qala «ürəyi gedir». «Moskvada yaşayan talışlar Qarabağa çox yaxşı yanaşırlar. Bu da bizim talış dilində radio açmağımızla əlaqəlidir. Talışlar Azərbaycan hakimiyyətindən əziyyət çəkən xalqdır. Bizim bu gün onlarla çox yaxşı münasibətlərimiz və anlaşmamız var. «Talışıstanın səsi» adlı radio sayəsində bizim əlaqələrimiz çox yaxşılaşıb. Bu radionu Azərbaycanın əksər rayonlarında yaşayan talışlar dinləyir».
Karen Mirzoyan qondarma «TMR»-i yaradan separatçı Əlikram Hümbətovla «qardaşlığından» da bəhs edib. «Bu yaxınlarda bizə talış xalqının liderlərindən biri olan Əlikram Hümbətov qonaq gəlmişdi. Onun Qarabağ Dövlət Universitetində görüşü çox yüksək səviyyədə baş tutdu. Mən özüm də onunla görüşmək imkanı əldə etdim. Bu adam Qarabağ müharibəsi zamanı bizim düşmənimiz olub. Lakin sonradan səhvini anlayıb və mövqeyini dəyişib. O, bunu Qarabağda olanda da açıq şəkildə bəyan edib. Hətta Qarabağın inkişaf etməsinə heyran qaldığını da deyib».
Bildirək ki, ermənilər bu cür təbliğatları ilə Azərbaycanda yaşayan azsaylı xalqlara təsir edə biləcəyini, onları Bakıya qarşı qaldıracağını, habelə ölkəmizin parçalayacanlarını düşünürlər. Lakin atalar yaxşı deyib: «Ac toyuq yuxuda darı görər». Bu gün nəinki talışlar, digər xalqlar da Azərbaycanda heç bir problemsiz yaşayır və onlar arasında nifaq toxumu səpmək də mümkünsüz bir şeydir.
Ermənistan isə gec-tez işğal etdiyi əzəli Azərbaycan torpaqlarını azad etmək məcburiyyətində qalacaq.
Arqument.Az












