Ermənilərin Qarabağdan kütləvi köçünə qoşulmayan Qalstyan casusluqda ittiham olunur

Ermənilərin Qarabağdan kütləvi köçünə qoşulmayan Qalstyan casusluqda ittiham olunur

04-04-2024 18:39 / Bu xəbər 765 dəfə oxundu

İstintaq Komitəsi məlumatları detallı açıqlamayıb

Martın 29-da Qarabağdan Ermənistana gedən Sarkis Qalstyanın casusluq ittihamı ilə həbs olunduğu bildirilir.

Ermənistanın İstintaq Komitəsinin mətbuat katibi Qor Abramyan həbslə bağlı ətraflı məlumat verməyib.

O deyib ki, hazırda ibtidai istintaqın maraqlarına əsaslanaraq, digər məlumatlar açıqlana bilməz.

Sarkis Qalstyanla birlikdə onun həyat yoldaşı Marqarita Şaxnazaryanın da Ermənistana getdiyi deyilir.

Onları Beynəlxalq Qırmızı Xaç Komitəsi müşayiət edib.

Qalstyan 2023-cü il sentyabrın 19 və 20-də Azərbaycanın Qarabağda keçirdiyi lokal əməliyyatdan sonra Xankəndidə qalan az sayda ermənilərdəndir.

Hətta erməni mediası Qalstyanın Azərbaycan tərəfindən Xankəndiyə komendant təyin edilməsi barədə məlumatlar da yayıb.

Ermənistanla Azərbaycan arasında münaqişə 1988-ci ildə başlayıb.

2020-ci ilin sentyabrında isə uzunmüddətli atəşkəsdən sonra Azərbaycan və Ermənistan arasında 44 günlük İkinci Qarabağ müharibəsi baş verib.

Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib.

Sentyabrın 28-də separatçı "Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan "respublika”nın buraxılması barədə fərman imzalayıb.

O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.

Oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndi şəhərinə səfər edib.

Prezident Xankəndidə Azərbaycan bayrağını qaldırıb və çıxış edib.

Çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.

Azərbaycan və Ermənistan arasında hələ də sülh müqaviləsi imzalanmayıb.