Ermənistan-Azərbaycan dəmir yolunun operatoru niyə Rusiya şirkəti oldu?
03-02-2022 18:16 / Bu xəbər 747 dəfə oxundu
"Cənubi Qafqaz Dəmir Yolu” şirkəti (CQDY, "Rusiya Dəmir Yolları”nın törəmə müəssisəsi) Ermənistan və Azərbaycan ərazilərini birləşdirəcək Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun operatoru olacaq.
Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryanın TASS-a fevralın 3-də verdiyi məlumata görə, dəmir yolunun bərpası ilə bağlı mütəmadi olaraq ikitərəfli əlaqələr olacaq, çünki infrastrukturun operatoru CQDY-dir.
"Hesab edirik ki, dəmir yollarının tikintidən dərhal sonra fəaliyyətə başzlaması üçün operatorla əməkdaşlığımız sıx olmalıdır. "Rusiya Dəmir Yolları” bu sahədə dünyanın ən ciddi təşkilatlarından biridir”, - M. Qriqoryan belə qeyd edib.
Ermənistan-Azərbaycan dəmir yolunun tikintisi ilə bağlı razılıq ötən ilin noyabrın 26-da Soçidə keçirilən görüşdə və həmçinin Brüssel görüşü zamanı qərarlaşdırılıb.

Bu razılıq üç ölkənin baş nazirinin müavinlərinin rəhbərlik etdiyi regional kommunikasiyaların açılması ilə məşğul olan Ermənistan-Rusiya-Azərbaycan üçtərəfli işçi qrupunun müzakirələri nəticəsində əldə olunub.
Bu dəmir yolu vasitəsilə Ermənistanın İran və Rusiyaya, Azərbaycanın isə Naxçıvanla dəmir yolu əlaqəsinə çıxış əldə edəcəyi gözlənilir.
Niyə məhz Rusiya şirkəti?
Milli Məclisin deputatı Asim Mollazadə Toplum TV-yə deyir ki, Rusiya şirkətinin dəmir yolu layihəsində iştirakı Ermənistanın enerji, nəqliyyat məsələlərində müstəqil olmaması ilə bağlıdır: "Kim dəmir yolu inşa edəcək, layihəyə nə qədər sərmayə qoyulacaq - bunlar barədə düşünmək lazımdır. Ermənistanın uzun illərdir bu kimi imkanları yoxdur, enerjisi, nəqliyyatı Rusiyaya məxsusdur. Bu səbəbdən Rusiya şirkətinin prosesdə iştirak etməsi təbiidir. Açıq danışsaq, Ermənistan heç müstəqil ölkə də deyil axı”.
Konfiliktoloq Əhməd Əlilinin fikrincə, Rusiyaya məxsus şirkətin layihədə operator olması tərəflərdən hansınasa siyasi üstünlük verilməsi anlamına gəlmir: "Ermənistan dəmir yolları Rusiya dəmir yollarının idarəçiliyindədir. Yəni Ermənistanda hər hansı işin görülməsi burada Rusiya tərəfinin də iştirak etməsi anlamına gəlir. Həm də dəmir yolunun tikiləcəyi ərazi Rusiya sərhəd qoşunlarının nəzarət etdiyi ərazidən keçəcəyi üçün optimal variant bu olub”.












