Ermənistan hərbçisi Azərbaycana casusluq etməkdə ittiham olunur
03-07-2024 15:47 / Bu xəbər 914 dəfə oxundu
43 yaşlı hərbi qulluqçu dövlətə xəyanətdə təqsirləndirilir
Ermənistanda hərbçinin Azərbaycanın xüsusi xidmət orqanları ilə əməkdaşlıqda ittiham olunduğu bildirilir.
"Sputnik-Armeniya” yazır ki, Ermənistan İstintaq Komitəsi (İK) dövlətə xəyanətlə bağlı işin üzə çıxdığını açıqlayıb.
Məlumatda Ermənistan silahlı qüvvələrində müqavilə ilə xidmət edən hərbi qulluqçu (kiçik serjant) 43 yaşlı Yerevan sakininin "Odnoklassniki” sosial şəbəkəsi vasitəsilə Azərbaycan xüsusi xidmət orqanlarının nümayəndəsi tərəfindən casusluğa cəlb edildiyi bildirilir.
İddiaya görə, hərbi qulluqçu 2023-cü ilin yanvarından həmin sosial şəbəkədə saxta hesabla fəaliyyət göstərən müəyyən şəxs – Azərbaycan xüsusi xidmət orqanlarının nümayəndəsi ilə əlaqə saxlayıb.
""Sevgi” yazışmaları və ünsiyyəti davam etdirmək üçün erməni hərbçi xidməti və dövlət sirlərini ehtiva edən bir sıra məlumatlar toplayaraq ötürüb. Bu addımlar Ermənistanın suverenliyinə, ərazi bütövlüyünə və təhlükəsizliyinə ciddi ziyan vurub”, – məlumatda deyilir.
Hərbçi həbs edilərək Ermənistan Cinayət Məcəlləsinin 418-ci maddənin 1-ci bəndi ilə dövlətə xəyanətdə ittiham olunub.
İstintaq davam edir.