Ermənistan ordusu Qəbələyə də ballistik raket atıb

Ermənistan ordusu Qəbələyə də ballistik raket atıb

22-10-2020 11:46 / Bu xəbər 963 dəfə oxundu

Sakinlər bir neçə evə ziyan dəydiyini deyiblər

Oktyabrın 22-də, səhər saatlarında Ermənistan Silahlı Qüvvələri Qarabağ münaqişəsi zonasından kənar olan Qəbələ şəhərinə raket zərbələri endirib.

Raket zərbəsi Qəbələnin Mamaylı kəndinin yaxınlığındakı boş sahəyə düşüb.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, Ermənistan ərazisindən Azərbaycan ərazisi əməliyyat-taktiki raket kompleksindən ballistik raketlərlə atəşə tutulub:

"Saat 07.00 radələrində Siyəzən rayonu istiqamətində 3 raket, saat 09.00 radələrində isə Qəbələ rayonu istiqamətində 2 raket və Kürdəmir rayonu istiqamətində 1 raket buraxılıb. Ermənistan silahlı qüvvələrinin hədəfi dinc əhali və mülki infrastruktur olub. Tələfat yoxdur".

Qəbələnin Mamaylı kəndinin sakinləri faktı Meydan TV-yə təsdiqləyiblər.

Bildiriblər ki, raket kənddəki evlərdən təxminən 300-500 metr məsafəyə enib.

Yaxınlıqdakı evlərə ziyan vurub:

"Bəzi evlərin dam örtükləri yerlə bir olub, bir çox evlərin pəncərələri tökülüb. Tələfatla bağlı məlumatımız yoxdur. Nə yaxşı ki, boş əraziyə düşüb, evlərin üstünə ensəydi, fəlakət olardı".

Kənd sakinləri bildirirlər ki, əslində Qəbələyə bir neçə raket zərbəsi endirilib.

Onların çoxu göydə zərərsizləşdirilib və qalıqları ətraf kəndlərə tökülüb:

"Cəmi biri Mamaylı yaxınlığındakı boş sahəyə enib. Partlayış nəticəsində həm Mamaylı, həm də yaxın Hacallı kəndində bir xeyli ev zərər görüb. Bəzi evlərin dam örtüyü, bəzilərinin tavanı tökülüb".

Sentyabrın 27-də Ermənistan və Azərbaycan arasında hərbi əməliyyatlar başlayıb.

Oktyabrın 10-da Rusiyanın təşəbbüsüylə Moskavada hər iki ölkənin Xarici işlər nazirləri humanitar atəşkəsə imza atsalar da, buna əməl olunmayıb.

Oktyabrın 11-də Gəncə şəhərinin yaşayış binasına raket zərbəsi ballistik "Skad” (Scud) raketi ilə endirilib.

Baş Prokurorluğun yaydığı məlumata görə, Gəncənin mərkəzi hissəsində yerləşən çox mənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində 3 qadın olmaqla 7 nəfər həlak olub, 16 qadın, 6 azyaşlı olmaqla 34 nəfər yaralanıb, həmçinin 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəyib.

Bundan sonra, oktyabrın 16-dan 17-nə keçən gecə Ermənistan ordusu Gəncə şəhərinə "Elbrus” ballistik raketi atıb.

Son məlumatlara görə, 15 mülki şəxs həlak olub, 52 nəfər yaralanıb.