Ermənistandakı revanşistlərin B planı

Ermənistandakı revanşistlərin B planı

25-02-2021 20:50 / Bu xəbər 4729 dəfə oxundu

Şahin Cəfərli

Hərbi çevriliş cəhdi Ermənistandakı revanşistlərin B planıdır. 

Böyük xalq kütlələrini arxalarına ala bilmədikləri üçün onların A planı – baş naziri ictimai təzyiqlə kənarlaşdırmaq cəhdi baş tutmadı. 

Rusiyaya bağlı millətçilərin toplumda nüfuz qazana bilməməsinin təməl səbəbi budur ki, onlar erməni xalqına yenə qan və gözyaşı vəd edirlər. 

Düzdür, bu qüvvələr 10 noyabr bəyanatını açıq şəkildə təftiş etmirlər və edə də bilməzlər, çünki sənədin altında Putinin imzası var. Amma mövqeləri bu mənaya gəlir ki, "güclənib, yenidən cəhd edək". 

Ən azı, hesab edirlər ki, yaxın gələcəkdə Rusiyanın köməyi ilə Hadrutu və Şuşanı geri alıb, oyuncaq "respublika”nın saxta sərhədlərini bərpa etmək şansı var. 

Mən başı daşa dəyən ermənilərin bir çoxunun ayıldığını və soyuq başla vəziyyəti dəyərləndirə bildiklərini düşünürəm. Əsgər valideynlərinin övladlarını Qarabağa göndərmək istəməməsi də bunun əlamətidir. 

Gənc nəsil ermənilər də əksəriyyət etibarilə rusiyayönümlü deyil. Paşinyan bu sosial bazaya xitab edir və əsas resursu da onlardır. Müxalifətdən fərqli olaraq, o, xalqa perspektiv təqdim edir, onlara sülh və inkişaf vəd edir.

Bu gün Paşinyan yenidən xalqa müraciət edərək əvvəlki səviyyədə olmasa da, dəstək ala bildi. Hər halda, o, radikal müxalifətdən daha böyük kütlə topladı. Məhz bu mitinqdən sonra Müdafiə Nazirliyi bəyanatla çıxış edərək ordunu siyasətə cəlb etməyin yolverilməz olduğunu bildirdi. 

Bununla nazirlik özünü qiyamçı Baş Qərargahdan ayırdı. Digər güc strukturları - Baş Prokurorluq və Milli Təhlükəsizlik Xidməti də qanunçuluğun qorunmasının zəruriliyini açıqladılar. 

Paşinyan qiyam cəhdini dəf etmək üzrədir, amma öz gücünü nümayiş etdirməsi üçün xuntanın başını və üzvlərini həbs etdirməsi zəruridir. Əgər buna qadir olduğunu göstərə bilsə, deməli bu mərhələdə xətər sovuşdu. Amma istənilən halda, siyasi böhrandan yeganə çıxış yolu erkən seçkiyə getməkdir.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.