“Ermənistanla münaqişəni dinc yolla həll etmək üçün əlimizdən gələni etdik”

“Ermənistanla münaqişəni dinc yolla həll etmək üçün əlimizdən gələni etdik”

09-03-2023 12:50 / Bu xəbər 753 dəfə oxundu

İlham Əliyev deyib ki, indi artıq sülh qurmaq vaxtıdır

"Əminəm ki, Azərbaycanın Qarabağ regionunda yaşayan ermənilərin həyatı işğal dövründən fərqli olaraq, bundan sonrakı dövrdə daha yaxşı olacaq”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev martın 9-da Bakıda işə başlayan "Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumunun açılış mərasimində deyib.

Əliyev vurğulayıb ki, hər münaqişənin öz tarixi, dinamikası və sonu var: "Lakin vacib məsələ ondan ibarətdir ki, ölkələr arasındakı mübahisələr beynəlxalq hüquq – ərazi bütövlüyü və suverenlik prinsipi əsasında həll olunmalıdır. Bu, güclə dəyişdirilə bilməz. Bu, Azərbaycanın mövqeyini təşkil edir. Bu, nəinki bizim işimizə, dünyadakı bütün münaqişələrə aiddir. Biz bu barədə öz mövqeyimizi aydın şəkildə nümayiş etdirmişik”.

"Ermənistanla münaqişəni dinc yolla həll etmək üçün əlimizdən gələni etdik. Ermənistan bir milyon azərbaycanlıya qarşı etnik təmizləmə siyasəti yürüdüb, onları Qarabağdan və digər yerlərdən qovub, onlara əzab-əziyyət verib”, – deyə Əliyev əlavə edib.

Ölkə başçısı qeyd edib ki, indi artıq sülh qurmaq vaxtıdır: "Biz 2020-ci ilin noyabrında təşəbbüs irəli sürdük ki, dinc yolla danışıqlar aparılsın. Beş məşhur prinsip var və onlar Ermənistanla sülh müqaviləsinin əsasını təşkil edə bilər. Ümid edirik ki, burada vasitəçi rolunu oynamağa çalışan beynəlxalq iştirakçılar Ermənistanı bu şansı itirməmək üçün dilə gətirəcəklər. Çünki onlar müstəqil ölkə olmaq şansını əldən verib, digər ölkələrin müstəmləkəsinə çevrilib və real şəkildə müstəqil olmaq, öz gələcəyini qurmaq şansını əldən buraxıblar”.

Martın 6-da bölgənin "lideri” Araik Arutyunyan demişdi ki, Stepanakert (Xankəndi) Bakının inteqrasiya siyasətini qəbul etməyəcəyi halda Azərbaycan Dağlıq Qarabağın hazırkı problemlərini çözməyəcək və daha sərt addımlar atacağı ilə bağlı onları hədələyib.

Ancaq Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Arutunyanın dediklərini təkzib etmişdi.

Nazirliyin rəsmisi A.Hacızadə XİN tərəfindən hədələyici münasibət olmadığını söyləmişdi: "Mən yalnız təmsil etdiyim nazirlik adından deyə bilərəm ki, biz Dağlıq Qarabağda yaşayan erməni icmasını hədələməmişik”.

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında qarşıdurma başlayıb.

Ümumilikdə 44 gün sürən və İkinci Qarabağ müharibəsi adlandırılan münaqişədə hər iki tərəfdən 6 mindən artıq hərbçi həlak olub.

Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr bəyanatına (Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanıb) əsasən, döyüşlər dayandırılıb.

Bundan sonra Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib.

İkinci Qarabağ müharibəsindən öncə, 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

Münaqişə SSRİ dönəmindən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başlayıb.