Ermənistanın Baş naziri istefa verdi

Ermənistanın Baş naziri istefa verdi

17-10-2018 01:06 / Bu xəbər 1915 dəfə oxundu

Nikol Paşinyan canlı yayımda istefasını açıqlayıb

Ermənistanın Baş naziri Nikol Paşinyan oktyabrın 16-da İctimai Televiziyasının canlı efirində istefa verdiyini açıqlayıb.

Ancaq Baş nazir deyib ki, dekabrda keçiriləcək parlament seçkilərinə qədər vəzifəsini icra edəcək.

"Beş aylıq işimə yekun vuraraq hamıya sonsuz dəstəyə görə minnətdarlıq edirəm və kimi təəssüfləndirmişəmsə, üzr istəyirəm. Dekabr seçkilərində bütün siyasi qüvvələrə uğurlar arzulayıram”.

Ermənistan mediası yazır ki, dekabrın birinci ongünlüyündə Ermənistanda parlament seçkiləri keçiriləcək. N.Paşinyana müxalif olan partiyalar onun istefası qarşılığında seçkilərin keçiriləcəyinə razılıqlarını bəyan ediblər.

Ermənistan prezidenti Armen Sarkisyan onun istefasını qəbul edib.

Nikol Paşinyan bu ilin mayın 8-də Ermənistan parlamentində Baş nazir seçilib. Onun namizədliyinin lehinə 59 nəfər, əleyhinə 42 deputat səs verib.

N.Paşinyanın namizədliyi "Yelk”, "Tsarukyan bloku” və "Daşnaksütün” tərəfindən irəli sürülsə də, Baş nazir seçilməsi üçün hakim Respublika Partiyasından olan deputatların səsi də lazım olub.

N.Paşinyan aprelin 13-də Serj Sarkisyan Baş nazir seçildikdən sonra etiraz aksiyalarına rəhbərlik edib və nəticədə S.Sarkisyanın istefa verməsinə nail olub.

42 yaşlı Paşinyan erməni siyasətinə jurnalistikadan gəlib. Universitetə 1990-cı ildə, SSRİ-nin devrilməsindən dərhal sonra daxil olub. Tələbə illərindən kəskin daxili siyasi məsələlərə dair məqalələr yazıb, "Aykakan jamanak", "Oraqir" nəşrlərinin redaktoru olub. Ancaq məzun olmağa bir neçə gün qalmış universitetdən qovulub. Paşinyanın sözlərinə görə - siyasi motivlərlə.

2007-ci il parlament seçkilərində o, prezident Koçaryanın və Baş nazir Sarkisyanın istefasını tələb edən "İmpiçment" blokuna rəhbərlik edirdi. Ancaq blok 1%-dən bir az çox səs yığdı.

Serj Sarkisyanın qailb gəldiyi 2008-ci il prezident seçkilərindən sonra Ermənistanda küçə nümayişləri baş verdi. Orada səkkiz nümayişçi və bir hərbçi həlak, 300-dən çox insan xəstəxanalara müraciət etdi. O dövrdə müxalifətin lideri Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan idi. Paşinyan iğtişaşları təşkil etməkdə ittiham olundu və axtarışa verildi.

Siyasətçi bir ildən artıq hakimiyyətdən gizləndi, lakin 2009-cu ildə polisə düşdü. 2010-cu ildə Paşinyan yeddi il azadlıqdan məhrumetmə cəzasına məhkum edildi, sonradan müddətini qısaltdılar, bir il sonra isə Ermənistanın müstəqilliyinin 20 illiyinə həsr olunmuş amnistiya ilə azadlığa buraxıldı. 2012-ci ildə Paşinyan "Erməni Milli Konqresi" müxalifət blokundan parlamentə deputat seçildi.///Meydan.Tv