Əsəd Qaraqaplan: "Dünya tənhalıq dövrünü yaşayır"

Əsəd Qaraqaplan:

18-07-2021 01:37 / Bu xəbər 10007 dəfə oxundu

Arqument.az yazar Əsəd Qaraqaplanın "Dünya tənhalıq dövrünü yaşayır" şeirini təqdim edir:

Dünya tənhalıq dövrünü yaşayır
bir bayquş dərə dibindən ulayır üzüyuxarı
bir pişik qapını açıb içəri girmək istəyir
mən indi qaranlığı yarıb girmişəm otağa
sobanın dibinə çöküb
itimizin ulduzlara hürdüyünü eşidirəm
içimdə bir qorxu məni böyütməklə məşğuldur
ətrafımda sadəcə bir misralıq yer qalıb:
dünya tənhalıq dövrünü yaşayır...

balıqlar suya həbs olmuş
quşlar göyə
ağaclar torpaqdan qaçır kökləriylə
bahar çəmənlərinə gül şəklində nöqtə qoyub təbiət
hava aydınlanmaq üçün dağlara yaxınlaşır
bir balıqçı adamların arasından evinə tərəf yol gedir
onu eyvanda bir cüt yaşlı baxış qarşılayır;
dünya tənhalıq dövrünü yaşayır...

dünyaya sevgi şəklində səpələnmiş qadınlar var
kimi daha çox uzaqda
kimi biraz daha uzaq
kimi sevginin var olan ən qərib yox halındadır
kimi soyuqluğun gözəllik halında...
ürək şəklində çevrənin qırılmış incə yerində
dünya tənhalıq dövrünü yaşayır...

başımı qundaq kimi qoynuma sıxıb yatmışam
bir uşaq çıxıb içimdən yuvarlanır çəmənə
gecəsi olmayan gündüz dolaşır ayaqlarına
qaçır üzü günbatana - günəşi tutub saxlasın
yuxudan oyanmamışdan həyatı işıqlı gördüm...
səhər qardaşımın kiçik oğlu məni qucaqladı:
dünya tənhalıq dövrünü yaşayır...

aprel 2020