Əsgər Ağazadəyə yenə hökm oxunmadı, prosesə yeni vəkil qoşuldu

Əsgər Ağazadəyə yenə hökm oxunmadı, prosesə yeni vəkil qoşuldu

10-09-2022 12:08 / Bu xəbər 867 dəfə oxundu

Hakim zərərçəkənin nümayəndəsini hədələdi: "Barənizdə tədbir görüləcək”

İctimai fəal Sənay Yağmura (Qəhrəmanlı) qarşı cinsi təcavüzdə ittiham olunan Əsgər Ağazadənin məhkəməsinin yekunlaşması gözlənildiyi bir vaxtda onun müdafiəsinə daha bir vəkil qoşulub. Beləliklə, Əsgər Ağazadənin vəkillərinin sayı dördə çatıb. Eyni zamanda, məhkəmə istintaqı da təzələnib.

Əsgər Ağazadənin məhkəməsinin başa çatması üçün yalnız onun son sözünü deməsi qalmışdı. 

Sentyabrın 9-da Bakı Ağır Cinayətlər Məhkəməsində onun işi üzrə məhkəmə iclasında məlum olub ki, Ayşən Vəliyeva adlı daha bir vəkil müdafiə prosesinə qoşulub. O, cinayət işinin materiallarıyla tanış olmaq üçün məhkəmədən üç ay vaxt istəyib.

Zərərçəkmiş tərəf – Sənay Yağmurun anası və məhkəmədə nümayəndəsi Zümrüd Yağmur, eləcə də vəkili Zibeydə Sadıqova istər yeni vəkilin işə qoşulmasına, istərsə də ona vaxt verilməsinə etiraz edib. 

Onlar bildirib ki, bu, prosesin süni şəkildə uzadılmasıdır.

"Bu tərbiyəsizlikdir, başqa adı yoxdur…”, – Zümrüd Yağmur belə deyib.

Hakim Novruz Kərimov zərərçəkmişin nümayəndəsinin məhkəməni təhqir etdiyini əsas gətirərək, onun zaldan çıxarılmasına göstəriş verib: "Siz hər dəfə məhkəməyə hörmətsizlik edirsiz, təhqir edirsiz. Bunun cavabını da görəcəksiniz, barənizdə tədbir görüləcək”.

Prokuror da yeni vəkilə iş materiallarıyla tanış olmaq üçün vaxt verilməsinə etiraz edib.

Lakin Əsgər Ağazadənin vəkilləri bildirib ki, istədiyi qədər müdafiəçinin hüquqi yardımından istifadə etmək təqsirləndirilən şəxsin hüququdur. Müdafiəçiyə həm də iş materiallarıyla tanış olmaq üçün vaxt verilməlidir.

Hakimlər müşavirə edib belə qərara gəlib ki, Ayşən Vəliyeva müdafiəçi kimi prosesə buraxılsın. Ona cinayət işinin materiallarıyla tanış olmaq üçün 2 həftə vaxt verilib.

Bu iş üzrə məhkəmə prosesində artıq çıxışlar mərhələsi başa çatmışdı. Prokuror Əsgər Ağazadəyə 7 il həbs cəzası istəyib. İstər zərərçəkmişin nümayəndəsi – anası Zümrüd Yağmur və vəkili Zibeydə Sadıqova, istərsə də təqsirləndirilən şəxsin özünün üç müdafiəçisi çıxış edib. Bir aydır ki, hər həftə məhkəmə iclası təyin edilir və hansısa səbəbdən baş tutmur.

Zərərçəkmişin nümayəndəsi Zümrüd Yağmur məhkəmə prosesinin məqsədli şəkildə uzadıldığını deyir. Hesab edir ki, bu cür üsullarla onun səbrini tükəndirməyə çalışırlar.

Əsgər Ağazadə Cinayət Məcəlləsinin 149.2.3 (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə) maddəsilə ittiham olunur. 

O, bu ittihamı qəbul etmir, xalası qızının onlarda qaldığı gecə ona cinsi təcavüz etməsi barədə iddiaların əsassız olduğunu deyir. 

O, məhkəmədə ifadəsində qarşı tərəfi ona böhtan atmaqda ittiham edib.

Təcavüz hadisəsinin 2020-ci ilin avqustunda baş verdiyi iddia olunur. Bu cinayət işi üzrə istintaq təxminən bir il Yasamal Rayon Prokurorluğunda aparılıb. 

Sənay Yağmur şikayətçi olsa da, Əsgər Ağazadə məsuliyyətə cəlb edilməyib. 

Yasamal Rayon Prokurorluğunda iki dəfə bu işlə bağlı cinayət işinə xitam verilməsi haqda qərar qəbul edilib.

Təxminən bir müddət sonra Zümrüd Yağmur mətbuat konfransı keçirərək, məsələni ictimailəşdirib. 

Bundan sonra Baş Prokurorluğun rəhbərliyi işi nəzarətə götürüb. 

Araşdırmaların davam etdirilməsi Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə olunub. Ardınca Əsgər Ağazadə həbs edilib.