Əsgərin ölümü ilə bağlı üç hərbçi həbs edilib

Əsgərin ölümü ilə bağlı üç hərbçi həbs edilib

17-08-2018 16:05 / Bu xəbər 2096 dəfə oxundu

İstintaq Hərbi Prokurorun müavininə tapşırılıb

Hərbi Prokurorluq Lerik rayonunun Kıncıvo kəndindən 4 ay əvvəl hərbi xidmətə gedən Fəhmin Əbilovun avqustun 8-də müəmmalı ölümü ilə bağlı məlumat yayıb.

Hərbi Prokurorluq bildirib ki, Qarabağ Hərbi Prokurorluğunun əməkdaşları tərəfindən dərhal hadisə yerinə baxış keçirilib, şahidlərin dairəsi müəyyən edilərək izahatları alınıb.

Silahlı Qüvvələrin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya (MTE və PA) Mərkəzi tərəfindən meyitin müayinəsi aparılıb.

Elə həmin gün Qarabağ Hərbi Prokurorluğunda fakta görə Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Zərərçəkmiş şəxsin valideynləri və yaxın qohumları tərəfindən Silahlı Qüvvələrin MTE və PA Mərkəzində aparılan müayinənin obyektivliyi şübhə altına alındığından, cinayət işinin istintaqı Baş Prokurorluğun rəhbərliyi tərəfindən xüsusi nəzarətə götürülərək istintaqın davam etdirilməsi Respublika Hərbi Prokurorunun müavininə tapşırılıb.

Eyni zamanda, avqustun 9-da Səhiyyə Nazirliyinin MTE və PA Elmi-Təcrübi Tədris Birliyində təcrübəli ekspertləri mərhumun yaxın qohumlarının iştirakı ilə meyitin təkrar müayinəsini aparıb.

"İlkin istintaqla müəyyən edilib ki, əsgər Əbilov Fəhmin Akif oğlu xidmət müddətində müxtəlif vaxtlarda post başçısı gizir Xəlilov Elmir Rəsul oğlu və həmin postun əsgərləri Tanrıverdiyev Sənan Səbuhi oğlu və Arazov Rəşad Xəqani oğlu tərəfindən zorakı və qanunsuz hərəkətlərə məruz qalıb.

Avqustun 8-də saat 11:45-də növbədə olan əsgər S.Tanrıverdiyev xidmət yerindən vaxtından əvvəl çıxıb silahını nəzarətsiz qoyub, bundan istifadə edən əsgər F.Əbilov həmin silahı götürüb özünü öldürüb.

Kifayət qədər sübutlar toplandığı nəzərə alınaraq üç hərbi qulluqçu iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə əsgər S.Tanrıverdiyevə Cinayət Məcəlləsinin 230 (odlu silahı diqqətsiz saxlama), 332.2.1, 332.2.3 (tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma), 338.1 (döyüş növbəsi çəkmə qaydalarını pozma) və 341.3-cü (hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə), əsgər R.Arazova Cinayət Məcəlləsinin 332.2.1 və 332.2.3-cü, gizir E.Xəlilova isə həmin məcəllənin 331.2, 341.2.3 və 341.3-cü maddələri ilə ittiham elan edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib”, deyə məlumatda qeyd olunub.

Beyləqan rayonun N saylı hərbi hissəsində xidmət edən Fəhmin Əbilov haqda ilk məlumatı avqustun 9-da Meydan.TV yayıb.///Meydan.tv