Əsirlikdə olmuş azərbaycanlı: "Qəbirdən skeletləri çıxartdırırdılar..."

Əsirlikdə olmuş azərbaycanlı:

16-06-2021 15:29 / Bu xəbər 1192 dəfə oxundu

Ermənistan vətəndaşlarının mühakiməsi davam edir

Əsirlikdə azərbaycanlılara işgəncə verməkdə, öldürməkdə ittiham olunan Ermənistanın iki vətəndaşı - Lüdvik Mkrtiçyan və Alyoşa Xosrovyanın Bakıda mühakiməsi davam edir. 

Onların işinə Bakı Hərbi Məhkəməsinin hakimləri baxır. Məhkəmə prosesi isə Yasamal Rayon Məhkəməsinin inzibati binasında keçirilir.

İyunun 16-da hakim Elbəy Allahverdiyevin sədrliyilə keçirilən məhkəmə iclasında zərərçəkmiş qismində tanınan şəxslər ifadə veriblər.

Xanbala Əsgərov bildirib ki, oğlu Firavan 44 günlük İkinci Qarabağ Müharibəsi zamanı yaralanıb. O, yaralı vəziyyətdə ermənilərə əsir düşüb. Xanbala Əsgərovun sözlərinə görə, oğlunun aldığı xəsarət ölümcül olmayıb, təqsirləndirilən Lüdvik Mkrtiçyan onu əsirlikdə qətlə yetirib.

Zərərçəkmiş Rauf Qafarov ifadəsində danışıb ki, 1993-cü ildə özü qoyun otaranda əsir düşmüşdü. Onu əvvəl Füzuliyə, oradan Xankəndiyə, sonradan da Şuşa həbsxanasına aparıblar. Axırda da Azərbaycanın işğal olunmuş ərazilərində yaradılan tanınmamış "Dağlıq Qarabağ Respublikası”nın müdafiə naziri Samvel Babayanın evində, həyətyanı sahəsində işlədiblər: "Bizi Babayanın kəndinə aparıb, orada taxıl əkdirirdilər, onun üçün 4 mərtəbəli ev tikdirirdilər. Səhər-axşam iş növbəsini təhvil alıb-verəndə bizi döyürdülər. Yemək kimi buğdanı, çay kimi isə ağaç qabığını qaynadıb içirdik. Onlar uşaqlarına türkləri adamyeyən kimi təqdim edirdilər. İnanın, mən bunlarla üzləşmək istəyirdim...”

Məhkəmə
Mənbə: Azərtac

Zərərçəkmiş Həbib Kazımov Şuşa həbsxanasında işgəncəyə məruz qaldığını, xüsusən Sumqayıt şəhərindən olduğunu biləndən sonra ona qarşı xüsusi nifrətlə davrandıqlarını bildirib. 

Onun sözlərinə görə, əsirlikdə olduğu dövrdə torpaq yeməyə məcbur edilib. Təqsirləndirilən şəxslərin hər ikisini də Şuşa həbsxanasında gördüyünü deyib.

Zərərçəkmiş Heydər Əliyev də əsirlikdə olduğu müddətdə Şuşa həbsxanasında saxlandığını, mütəmadi oradan çıxarılıb qəbiristanlığa aparıldığını və azərbaycanlıların skeletlərini çıxarmağa məcbur edildiklərini bildirib: "Əsas zülm Şuşa həbsxanasında başladı. Bizi orada döyürdülər. Oradan çıxarıb qəbir qazmağa aparırdılar. Skeletləri çıxartdırıb güllələtdirirdilər, qızıl dişləri çıxartdırırdılar...”

Məhkəmə prosesi iyunun 23-də davam edəcək.

54 yaşlı Alyoşa Xosrovyan və 52 yaşlı Lüdvik Mkrtiçyan işgəncə vermə, qəsdən adam öldürmə və başqa ittihamları qəbul etmir. Yalnız Azərbaycanın dövlət sərhədini qanunsuz keçmə məsələsində özlərini təqsirli bilirlər. Onlar məhkəmədə ifadə verməkdən imtina ediblər. Bildiriblər ki, zərərçəkmişlər dindiriləndən sonra ifadə verəcəklər.///Meydan TV