Ətraf mühitin çirkləndirilməsinə görə cərimələr kəskin şəkildə artır
08-10-2024 16:52 / Bu xəbər 522 dəfə oxundu
Bu gün Milli Məclis ətraf mühitin çirklənməsinə görə məsuliyyətin sərtləşdirilməsi haqqında İnzibati Xətalar Məcəlləsinə dəyişiklikləri birinci oxunuşda qəbul edib. Belə ki, gəminin bortundan zibil və digər əşyaların atılmasına görə cərimə 30 manatdan 300 manatadək artırılıb.
Nəqliyyat vasitələrindən zibil və digər əşyaların yollara atılmasına və ya yolların çirklənməsinə görə fiziki şəxslər 200 manat, vəzifəli şəxslər 1000 manat, hüquqi şəxslər isə 4000 manat cərimə ediləcəklər.
Məişət tullantılarının zibil qutularından kənara atılması fiziki şəxslər üçün 300 manat, vəzifəli şəxslər üçün 1000 manat və hüquqi şəxslər üçün 4000 manat cərimə ilə cəzalandırılacaq.
Göstərilən hərəkət bir il ərzində təkrar törədildikdə fiziki şəxslər 1000 manat, vəzifəli şəxslər 1500-2000 manat, hüquqi şəxslər isə 5000-7000 manat cərimə ediləcəklər. Hazırda sözügedən pozuntuya görə cərimənin məbləği 50 manatdır.
Tütün tullantılarının ətraf mühitə atılmasına görə cərimə 50 manatdan 300 manata qədər artırılır. İl ərzində pozuntu təkrarlanarsa 700 manat cərimə və ya 60-100 saat ictimai xidmət nəzərdə tutulur.
Parlament həmçinin Cinayət Məcəlləsinə dəyişiklikləri birinci oxunuşda qəbul edib. Əsasən sənədə yeni maddə 104-1 (ekosid) əlavə olunur.
Bu maddəyə əsasən, ekoloji sistemə ciddi ziyan dəydiyinə görə 10 ildən 15 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Bu maddəyə aşağıdakılar daxildir: bitkilər və ya heyvanlar aləminin kütləvi şəkildə məhv edilməsi, atmosferin, torpaq və ya su ehtiyatlarının zəhərlənməsi və ya ekologiyaya qəsdən zərər verən hərəkətlər.