“Evdə boğula-boğula 4 gün testin cavabını gözlədim”

“Evdə boğula-boğula 4 gün testin cavabını gözlədim”

29-06-2020 23:19 / Bu xəbər 1555 dəfə oxundu

Dərmanları ilə xəstəxana qapılarında qalan vətəndaş
 
"Yaxmanın nəticəsi pozitiv çıxıb, təngnəfəslik məni öldürür, həkim deyir, xəstəxanada yer yoxdur, gərək lap ağırlaşasan ki, xəstəxanaya götürək. Resept yazıb, iynə-dərmanlar əlimdə qalıb, tibb bacıları gəlib evdə müalicəylə məşğul olmur, yaxınlığımızdakı modul tipli xəstəxanaya getdim, həkimlər yaxın buraxmadılar, dedilər, koronaya yoluxmusan, gərək səni təcili yardım gətirsin ki, qəbul edək. Dedim, axı ölürəm, təcili yardım da gətirmir, öz ayağımla gəlmişəm, qəbul edin də, sizin üçün nə fərqi var? Qəbul etmədilər”.

Sumqayıt şəhəri, 5-ci mikrorayonda yaşayan 49 yaşlı Elman Əsgərov Meydan TV-yə danışır ki, azı 15 gündür boğulur, hərarəti var, test cavabı pozitiv çıxıb, xəstəxanalara gedir, aldığı sistemləri ona vurmurlar. Onun sözlərinə görə, iyunun 21-də səhhəti ağırlaşıb, təcili yardım çağırıb. Təcili yardım briqadası gəlib, boğazından yaxma götürüb, boğulma, qızdırma olmasına baxmayaraq, həkim testin cavabı məlum olmayanadək onu xəstəxanaya götürə bilməyəcəyini bildirib.

"Evdə boğula-boğula 4 gün testin cavabını gözlədim”

"Halsızlıq, qızdırma məndə ondan da əvvəl vardı, özüm xəstəxanada olub, ağciyərimi KT (kompüter tomoqrafiyası) etdirmişdim, həkim nəticəyə baxıb demişdi ki, səndə virus şübhəsi var, ağciyərdə kristallaşma var, mütləq boğazdan, burundan yaxma ver. Qızdırma içərisində sayıqlayırdım, boğulurdum, fasiləsiz öskürürdüm. İyunun 21-də təcili yardım çağırdım, gəldi, yaxma götürdü, dedi, xəstəxanaya daha ağır xəstələri götürürük, həm də gərək testin cavabı çıxsın ki, səni xəstəxanaya götürə bilək. İyunun 26-dək boğula-boğula testin cavabını gözlədim, nəhayət, nəticənin pozitiv olduğu bildirildi. Həkim gəldi, resept yazıb verdi, dedi, xəstəxanalarda yer yoxdur, gərək dərmanlarını alıb özün evdə müalicə olunasan”, - şikayətçi deyir.

"Vaxtında müalicə etsələr, bu qədər yoluxan olmaz”

Elman Əsgərov deyir, dərman preparatlarını alıb, tanış tibb bacılarına müraciət edib, ancaq gəlməyiblər, ona bildiriblər ki, durum sağlamlıqları üçün təhlükəli olduğuna görə, gələ bilməzlər. O da iynə-dərmanı götürüb, Sumqaıytdakı modul tipli xəstəxanaya üz tutub:

"Məni qapıdan içəri buraxmadılar ki, sənə sistem qoşa bilmərik, sən gərək burda yatasan ki, sənə xidmət göstərək. Dedim, xəstəyəm, müalicəyə ehtiyacım var, gəlmişəm, qəbul edin. Bildirdilər ki, özbaşına qəbul edə bilmərik, get, təcili yardım çağır, səni təcili yardım özü gətirsin. Dedim, axı təcili yardım çağırıram, deyir, evdə müalicə ol. Dedilər, onda get, tibb bacısı tap, sistemləri ev şəraitində qoşsun. İndi mən neyləməliyəm? İyunun 26-dan dərmanlarımı, iynələrimi torbada gəzdirirəm, bir həkim yaxın durmur, sistem qoşmur. Təngnəfəslikdən ölürəm, dözə bilmirəm. günbəgün vəziyyətim lap ağırlaşır. Axı mən müalicə almadıqca həm öz həyatımı itirmək üzrəyəm, həm də nə qədər özümü izolyasiya etsəm də, ətrafdakıları yoluxma təhlükəsi altında qoyuram. Xəstəni vaxtında müalicə etsələr, bu qədər yoluxan olmaz”.

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva isə Meydan TV-yə deyir ki, vətəndaş Təcili Tibbi Yardıma müraciət etməlidir:

"Təcili Tibbi Yardım müvəqqəti olaraq Səhiyyə Nazirliyinin tabeliyinə verilib, onlarla əlaqə saxlayın. Vətəndaşda teztin cavabı pozitiv çıxıbsa, təcili yardım ağırlıq dərəcəsinə görə onu ya xəstəxanaya aparmalı, ya da poliklinikaya yönləndirməlidir. Əgər vətəndaş sahə həkiminə yönləndirilibsə, deməli, müalicəni də sahə həkimi aparmalıdır”.

Elman Əsgərov isə deyir ki, sahə həkimi yalnız dərman yazmaqla kifayətlənib, poliklinikadakı tibb bacıları isə həmin iynələri vurmağa ehtiyatlanır. İndi vətəndaş müalicə üçün Bakıya üz tutduğunu deyir.
 
Meydan.tv