"Evdə qalmış" filminin təqdimatı olub

16-02-2023 17:19 / Bu xəbər 1923 dəfə oxundu

"Park Cinema” Alov Qüllələrində "Evdə qalmış” filminin təqdimatı keçirilib.

Gecədə filmin baş rol ifaçıları - xalq artisti Həmidə Ömərova, əməkdar artist Mehriban Xanlarova, aktyorlar Şəhriyar Əbilov, Kəmalə Piriyeva, Sanura Cəfərova, Kənan Yusifov və başqaları iştirak edib.

Film nümayişindən öncə qardaş ölkə Türkiyədə baş vermis zəlzələdə həlak olanların xatirəsi 1 dəqiqəlik sükütla yad edilib.

Filmin rejissoru Valeh Əhmədov kino sahəsində çalışan həmkarlarına müraciət edərək, hər zaman bir-birinə dəstək olmağı təklif edib: "Biz bir-birimizə dəstək olmasaq, kinematoqrafiyamız inkişaf etməyəcək. Mən hər zaman həmkarlarıma dəstək olmağa hazıram, onlardan da bu dəstəyi gözləyirəm”.

Xalq artisti Həmidə Ömərova filmlə bağı təəssüratlarını bölüşüb: "Çəkilişlər zamanı nəticənin necə olacağını bilmirdik. Amma bütün çəkiliş heyəti böyük həvəslə çalışırdı və sonunda həqiqətən də gözəl bir iş ortaya çıxardıq. Ümid edirəm ki, tamaşaçılar da filmi bəyənəcəklər”.

Filmin süjetinə gəlincə, əsl sevgini axtaran qəhrəmanların valideynləri onlardan 30 yaşına qədər evlənməyi tələb edir. 

Qonşunun, qohum-əqrəbanın "evdə qalmısan?”, "a bala nə vaxt tərpənirsən?” kimi suallarından bezən gənclər evlənmək istəməsələr də, hadisələr onları qarşılaşdırır…  

Ekran işində Firuzə Balayeva, Aygün Akif, Elçin Məmmədli, Nigar Əhmədova, Rüstəm Rüstəmov və başqaları rol alıb. 

Ülviyyə