Əvəz Həsənov: "Hökümət Avropa İttifaqı ilə danışıqları intensivləşdirib"

Əvəz Həsənov:

09-04-2019 02:28 / Bu xəbər 1422 dəfə oxundu

''Avropa Parlamentinə seçkilərə qədər sazişi imzalamaq doğru olardı''

Avropa İttifaqı ilə saziş imzalandıqdan sonra Azərbaycanın Avropa və Rusiya arasında xarici siyasət kursu seçimi haqqında müzakirələrə son qoyulacaq, saziş hakimiyyətin siyasi islahatlar həyata keçirməsinə imkan verəcək.

Bunu "Turan” Agentliyinə açıqlamasında Humanitar Araşdırmalar Cəmiyyətinin rəhbəri Əvəz Həsənov deyib.

O, açıqlamasında xarici işlər naziri Elmar Məmmədyarovun Avropa İttifaqı ilə sazişin 90% hazır olduğu və onun tezliklə imzalanacağı haqqında bəyanatını şərh edərək deyib ki, Bakının "Assosiasiya sazişindən” imtina etməsindən sonra Azərbaycanın Avropa İttifaqı ilə danışıqları uzun müddətdir davam edir. Onun sözlərinə görə, Bakı alternativ kimi "strateji tərəfdaşlıq” adlı sənəd təklif edib.

"Bu sənədin müzakirələri gedərkən Ermənistan bənzər bir sənəd imzalayıb və indi yalnız Azərbaycanın və Belarusun Aİ ilə siyasi aspektləri ehtiva edən əməkdaşlıq sənədi yoxdur. Azərbaycan "Şərq Tərəfdaşlığı” proqramına qoşularkən Bakı Aİ ilə "Enerji təhlükəsizliyi haqqında” ayrıca sənəd imzalayıb və digər istiqamətlərdə əməkdaşlığa tələsməyib. Amma vəziyyət dəyişib, Brüsselin Bakını insan hüquqlarının və demokratik normaların pozulmasına görə tənqid etməsinə baxmayaraq, Aİ ilə əməkdaşlıq Azərbaycan üçün mühüm amilə çevrilib”, - Ə.Həsənov belə hesab edir.

Onun fikrincə, islahatlara yol açan Azərbaycan Avropanın tənqidini istənilən yolla azaltmağa çalışır. Ə.Həsənov hesab edir ki, hökumət danışıqları intensivləşdirib və Avropa Parlamentində seçkilərə qədər onun imzalanmasına və təsdiqinə nail olmaq doğru olardı.

"Ölkə daxilində ciddi əngəl var. İslahatlara mane olan köhnə məmurların vəzifələrdən kənarlaşdırılması mümkündür. Xarici maneələr qaçılmazdır, çünki sıx Azərbaycan-Avropa münasibətləri Rusiyanı qəzəbləndirir. O, Azərbaycan cəmiyyəti daxilində gərginlik yarada, etirazlar dalğasını qamçılaya bilər. Amma, mənə elə gəlir ki, İlham Əliyev Rusiyanı zərərsizləşdirə bilir və buna ona görə nail ola bilər ki, bizim əsas iqtisadi tərəfdaşımız Avropadır. Azərbaycan layihələri Rusiyanın energetika hegemonluğundan çıxmaq istəyən Avropaya ən yaxşı dəstək olaraq qalır”.

Hazırda Azərbaycanla Avropa İttifaqı arasında münasibətlər 1999-cu ildə imzalanmış saziş çərçivəsində formalaşlb. Tərəflər həmin zamandan uzun müddət keçdiyini və dünyada situasiyanın dəyişdiyini əsas gətirərək, yeni saziş üzərində işləməyə başlayıblar.

Yeni saziş ətrafında danışıqlar 2017-ci ildən başlayıb.

Ekspertlər yerli mətbuatda açıqlamalarında dəfələrlə qeyd ediblər ki, əgər yeni saziş 2019-cu ilin may ayına qədər bağlanmasa, həmin sazişin imzalanması 2020-ci ilə qədər uzanacaq. Buna səbəb kimi Avropa Parlamentinə qarşıdan gələn seçkilər və seçkilərin nəticələrinə uyğun olaraq Avrokomissiyanın yenidən formalaşdırılması göstərilir. Eskpertlər qeyd edirlər ki, komissiyanın yeni üzvlərinin aparılan danışıqların mahiyyəti və çərçivələri ilə tanış olmaları müəyyən zaman tələb ediləcək.