Əvəz Zeynallı: "Əhməd İsmayılov Vüqar Səfərlidən də betər olacaq"

Əvəz Zeynallı:

15-01-2021 12:55 / Bu xəbər 1154 dəfə oxundu

Yanvarın 15-də APA TV-də İlqar Əlfioğlunun aparıcısı olduğu "APAralel" verilişində jurnalist Əvəz Zeynallı Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq rəhbəri Vüqar Səfərlini tənqid edib.

O bildirib ki, Vüqar Səfərli uzun müddət medianın inkişafına problem yaradıb, mediaya ayrılan vəsaitləri təyinatı üzrə xərcləməyib. 

Zeynallı bildirib ki, KİVDF ən çox korrupsiyaya uğramış qurum olub, rəhbəri də dövlətin ayırdığı vəsaitləri mənimsəyib. 

Jurnalist KİVDF-nin əsasənda yaradılan Media İnkişaf Agentliyinin yeni rəhbəri Əhməd İsmayılovu da tənqid edib. 

"Əhməd İsmayılov dənizçilikdən gəlib. O, Vüqar Səfərlidən də betər olacaq", - deyə Əvəz Zeynallı bildirib.

Verilişdə "Yenisabah.az" saytının redaktoru Seymur Verdizadə də iştirak edib. 
 

 
Prezident İlham Əliyev  yanvarın 12-də Medianın İnkişafı Agentliyinin yardılması ilə bağlı sərəncam imzalayıb. Bununla da Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) ləğv edilib.

KİVDF-nin İcraçı direktoru Əhməd İsmayılov agentliyin İcraçı direktoru təyin edilib.

Yanvarın 14-də isə KİVDF-nin keçmiş rəhbəri Vüqar Səfərli və jurnalistlər üçün binanı inşa etmiş "Portos” MMC-nin rəhbəri Namiq Nəmmədov həbs olunub. 

Binəqədi Rayon Məhkəməsində hakim Elçin Ağayevin sədrliyilə onların hər ikisinin barəsində ilkin istintaq dövrü üçün 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Bildirilir ki, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi  KİVDF-yə ayrılan vəsaitlərin mənimsənilməsilə bağlı aylardır istintaqı gedən cinayət işi üzrə məsuliyyətə cəlb olunub. 

V.Səfərli və N.Məmmədov Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində KİVDF-yə ayrılan vəsaitlərin mənimsənilməsilə bağlı aylardır istintaqı gedən cinayət işi üzrə məsuliyyətə cəlb olunub. Onlara qarşı Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 308.2 (ağır nəticələrə səbəb olan mühüm zərər vurulmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə ittiham irəli sürülüb. V.Səfərliyə bunlarla yanaşı, Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini leqallaşdırma) və 308-2.4 (satınalma prosedurları keçirilmədən külli miqdarda ziyan vurmaqla dövlət vəsaitlərini xərcləmə) maddələrilə də ittiham olunur.

İttiham olunan maddələr üzrə keçmiş KİVDF sədrini 14 ilə qədər həbs cəzası gözləyir.