Əvəz Zeynallı Müalicə Müəssisəsinə köçürüləcək

Əvəz Zeynallı Müalicə Müəssisəsinə köçürüləcək

01-02-2023 00:33 / Bu xəbər 993 dəfə oxundu

Jurnalistin evindən götürülən pulun geri qaytarılmayacağı güman edilir

"Xural TV” internet televiziyasının rəhbəri Əvəz Zeynallı 5 aya yaxındır ki, saxlandığı Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) istintaq təcridxanasından Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülür. 

Bu barədə onun həyat yoldaşı Məlahət Zeynallı məlumat verərək bildirib ki, fevralın 1-də Müalicə Müəssisəsində Əvəz Zeynallı ilə görüşəcək.

Əvəz Zeynallı sentyabrın 10-da həbs olunandan bu yana onun ailə üzvlərilə telefon danışıqlarına və görüşməsinə qadağa qoyulub. Onun həyat yoldaşı bu qadağanın aradan qaldırılması, eləcə də Əvəz Zeynallı həbs olunduğu gün axtarış zamanı evlərindən götürülən elektron avadanlıqların (kompüter, telefon və s.), nağd pulun qaytarılması tələbilə son vaxtlar hər həftə Baş Prokurorluğun qarşısında etiraz aksiyası keçirir. Məlahət Zeynallı yanvarın 31-də növbəti dəfə prokurorluq qarşısında etiraz edib, tələblərini səsləndirib.

Həmin vaxt o, prokurorluğa dəvət olunub, onu Baş Prokurorluğun İstintaq İdarəsinin rəis müavini Qasım Məmmədov qəbul edib.

Məlahət Zeynallı deyir ki, həyat yoldaşının ailə üzvlərilə görüş və telefon danışıqlarına qoyulan qadağanın əsassız, qanunsuz olduğunu rəis müavininin nəzərinə çatdırıb. Bundan başqa, Əvəz Zeynallının səhhətində ciddi problemlər olduğunu, gözündə əməliyyat zərurəri yarandığını bildirib: "Axtarış zamanı evimizdən götürülmüş əşyalarımızın, pulumuzun qaytarılmasını tələb etdim. Bildirdim ki, o pul bizə Avropa Məhkəməsinin qərarı əsasında ödənilib. Bununla bağlı sübutumuz da var. O pul bizim övladımızın təhsili üçün saxladığımız ehtiyat vəsaitimiz idi…”

Onun sözlərinə görə, kompüteri, mobil telefonu və diktofonunun qaytarılacağı bildirilsə də, pul məsələsilə bağlı fərqli cavab alıb: "Deyirlər ki, Avropa Məhkəməsindən apreldə alınan pul sentyabra qədər xərclənib qurtarmalıydı. Bu arqument deyil axı. Biz uşağımızın təhsili üçün ehtiyat pul saxlamışıq…”

Əvəz Zeynallı sentyabrın 10-da Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) maddəsilə həbs edilib. Sentyabrın 21-də ona qarşı Cinayət Məcəlləsinin 312-1.1 (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərə – nüfuz alveri) maddəsilə yenidən ittiham elan edilib.

Rüşvət ittihamı "Baku Steel Company” MMC – poladəritmə zavodunun keçmiş rəhbəri Rasim Məmmədovla bağlıdır. "Xural TV” rəhbəri 2021-ci ilin yanvarından həbsdə olan Rasim Məmmədovun ailəsindən onun əleyhinə materiallar yaymamaq üçün 20 min manat pul almaqda ittiham olunur.

Əvəz Zeynallı ona qarşı irəli sürülmüş ittihamların heç birini qəbul etmir. 

O, sifarişlə həbs edildiyini bildirir. 

"Xural TV” rəhbərinin sözlərinə görə, onu jurnalist fəaliyyətinə, tənqidlərinə görə cəzalandırmaq üçün belə ssenarilər qurulur.

Sentyabrın 10-da Əvəz Zeynallı ilə yanaşı, vəkil Elçin Sadıqov da eyni cinayət işi üzrə həbs olunub. 

O, Rasim Məmmədovun vəkili idi. Elçin Sadıqov rüşvətə vasitəçilikdə ittiham olunur.

Elçin Sadıqov sentyabrın 17-də Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə ev dustaqlığına buraxılıb.

Elçin Sadıqov da özünü təqsirli bilmir, həbsini peşə fəaliyyətilə əlaqələndirir. 

Onun sözlərinə görə, həbsinin əsl səbəbi ictimai-siyasi fəalların hüquqlarını müdafiə etməsidir.