Əvəz Zeynallının işindən xəbər var

Əvəz Zeynallının işindən xəbər var

04-01-2023 22:09 / Bu xəbər 678 dəfə oxundu

Jurnalist həbs-qətimkan tədbirindən apelyasiya şikayəti verib

Yanvarın 5-də Bakı Apelyasiya Məhkəməsində "Xural" Media Qrupunun rəhbəri Əvəz Zeynallının həbs-qətimkan tədbirinin müddətinin daha 3 ay uzadılması ilə bağlı Binəqədi Rayon Məhkəməsinin verdiyi qərardan şikayətə baxılacaq. 

Bu barədə Əvəz Zeynallının həyat yoldaşı, jurnalist Məlahət Zeynallı məlumat yayıb.

O bildirib ki, işə hakim Habil Məmmədovun sədrliyilə baxılacaq.

Məlahət Zeynallı bütün media nümayəndələri və hüquq müdafiəçilərini məhkəməyə çağırıb. 

Dekabrın 29-da jurnalist Əvəz Zeynallı barəsində seçilmiş həbs qətimkan tədbiri müddətinin uzadılması ilə bağlı vəsatətə baxılıb.

Binəqədi Rayon Məhkəməsində keçirilən iclasda qərar elan olunub.

Qərara əsasən, Əvəz Zeynallının həbs müddəti 3 ay uzadılıb.

Xatırlatma

Vəkil Elçin Sadıqov və "Xural TV” saytının təsisçisi Əvəz Zeynallı bu il sentyabrın 10-da hazırda həbsdə olan iş adamı Rasim Məmmədovun rüşvət iddası ilə saxlanılıblar. 

Sentyabrın 11-də məhkəmə hər ikisini həbs edib.

Sentyabrın 17-də Bakı Apellyasiya Məhkəməsi Sadıqovu ev dustaqlığına keçirib.

Əvəz Zeynallı Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvətalma) Elçin Sadıqov isə rüşvətə köməklikdə ittiham edilib.

Sentyabrın 21-də isə Əvəz Zeynallıya qarşı Cinayət Məcəlləsinin 312-1 (vəzifəli şəxsin qərarına qanunsuz müdaxilə göstərmə - nüfuz alveri) maddəsi ilə əlavə ittiham irəli sürülüb.

Onlar ittihamları qəbul etmirlər.