Əvvəl tender elan olundu, sonra şirkət yaradıldı

Əvvəl tender elan olundu, sonra şirkət yaradıldı

05-11-2021 15:03 / Bu xəbər 2286 dəfə oxundu

Gənclər və İdman Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Qaradağ Gənclər Evi” tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.

Yeniavaz.com xəbər verir ki, tender müsabiqəsinin qalibi "Bentıka SS” MMC (VÖEN- 2006972671) olub.

"Bentıka SS” MMC sərgi, yarmarka, ədəbi musiqi müsabiqələrinin, şənliklərin, yarışmaların, flaşmobların, foto-video çəkilişlərinin və digər tədbirlərin təşkili üçün "Qaradağ Gənclər Evi”ndən 20 min 261 manat alacaq.

Tenderlə bağlı diqqət çəkən məqam odur ki, qalib şirkət tender elanından sonra dövlət qeydiyyatına alınıb.

"Qaradağ Gənclər Evi” tender müsabiqəsini (Kotirovka sorğusu) 20.09.2021-ci il tarixində elan edib. Tenderin qalibi olan "Bentıka SS” MMC isə bir gün sonra 21.09.2021-ci il tarixində dövlət qeydiyyatına alınıb.

Məlumat üçün bildirək ki, son günlər bü cür tender müsabiqələrin sayı artıb: 

-  Respublika Cüzəm (Leproz) Xəstəxanası 30.09.2021-ci il tarixində 10 min 831,5 manat dəyərində tender müsabiqəsi (Nəqliyyat vasitələrinin cari təmir xərcləri) elan edib. Tenderin qalibi eyni gündə - 30.09.2021-ci il tarixində dövlət qeydiyyatına alınan "Lena” MMC (VÖEN-1307364501) olub.

- Tovuz rayon İcra Hakimiyyəti Başçısının Tovuz Şəhər İnzibati Ərazi üzrə Nümayəndəliyi 30.09.2021-ci il tarixində 12 min manat dəyərində tender müsabiqəsi (Dəftərxana və təsərrüfat mallarının alınması) elan edib. Tenderin qalibi 2 gün əvvəl - 28.09.2021-ci il tarixində dövlət qeydiyyatına alınan "Ser 21” MMC (VÖEN-1007223841) olub.

Daha maraqlı bir məqam isə odur ki, iki fərqli dövlət qurumunun iki fərqli tender müsabiqəsində qalib olan və fərqli ünvanlarda dövlət qeydiyyatına alınan "Lena” MMC və "Ser 21” MMC-nin qanuni təmsilçiləri eyni şəxsdir – Abdullayev İlham Ziyaf oğlu.

Məlumat üçün onu da bildirək ki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması lazımdır.

Tender elanı ilə eyni gün və hətta elandan sonra yaranan bir şirkətin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı aydın deyil.