Əziz Orucov həbsdə qaldı

Əziz Orucov həbsdə qaldı

20-02-2018 16:11 / Bu xəbər 2342 dəfə oxundu

Fevralın 20-də Bakı Apellyasiya Məhkəməsi "Kanal 13” İnternet televiziyasının icraçı direktoru Əziz Orucovun barəsində hökmdən şikayəti təmin etməyib. 

Məhkəmə iclasına hakim Əmir Bayramov sədrlik edib.

Vəkil Cavad Cavadov 2016-cı ilin yayında qəbul edilmiş Cinayət Məcəlləsinin 192-ci maddəsinin (qanunsuz sahibkarklıq) yeni redaksiyasının şərhi ilə bağlı Konstitusiya Məhkəməsinə sorğu göndərilməsini xahiş edib.

Yeni redaksiyaya görə, qanunsuz sahibkarlıq vergi uçotuna dayanmadan fəaliyyət göstərmək və lisenziya almaqdır (əgər tələb olunursa).

Lakin istintaq materiallarında guya maliyyə pozuntusuna görə adı keçən Qafqaz Media Araşdırmaları Mərkəzi vergiödəyicisi olub. Onun fəaliyyəti üçün lisenziya tələb edilməyib.

Sonra müdafiə tərəfi müttəhimin qardaşı Anar Əzizovun rəhbərlik etdiyi həmin QHT-nin fəaliyyətinin maliyyə yoxlanışı haqqında aktı imzalayan ekspertlərin məhkəməyə çağırılması barədə vəsatət qaldırıb.

Vəkil diqqəti ona yönəldib ki, akt formal olaraq tərtib edilib və ora Zöhrab İsmayılın rəhbərlik etdiyi başqa bir QHT-nin yoxlanmasına dair rəyi daxil ediblər. Ancaq məhkəmə hər iki vəsatəti təmin etməyib.

Vəkil C.Cavadov deyib ki, ittihamın Ə.Orucova aidiyyatı yoxdur. Çünki o, Qafqaz Media Araşdırmaları Mərkəzində heç bir post tutmayıb, qrant almayıb və sənədləri imzalamayıb.

Vəkil Bəhruz Bayramov da cinayət işini qərəzli adlandırıb və Ə.Orucova bəraət verilməsini istəyib.

Ə.Orucov ittihamın və cinayət işinin əsasının olmadığını bildirib. O, maliyyə yoxlamasına dair ekspertiza aktının saxtalaşdırıldığını deyib. Belə ki, bu sənəddə başqa QHT-dən və onun rəhbərindən danışılır.

Bununla belə, məhkəmə şikayəti təmin etməyərək, birinci insansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb. Demokratik ictimaiyyətin nümayəndələri, o cümlədən Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənli prosesi izləyib.

Müdafiə tərəfi qərar ilə razı deyil və Ali Məhkəməyə kassasiya şikayəti verəcək.

Ə.Orucov 2017-ci il mayın 2-də polisə tabe olmamaq ittihamı ilə 30 sutka həbs edilib. Bu müddət başa çatdıqdan sonra Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətindən sui-istifadə) maddələri ilə ittiham olunub. 6 il azadlıqdan məhrum edilib.

Ə.Orucov özünü təqsirli bilmir. Hüquq-müdafiə təşkilatları onu siyasi məhbus kimi tanıyıblar.

Amerikanın səsi