Faiq Əmirli yenə həbs edilib

Faiq Əmirli yenə həbs edilib

26-05-2020 02:45 / Bu xəbər 927 dəfə oxundu

AXCP sədrinin köməkçisi valideynlərinin məzarını ziyarət etməyə gedərkən saxlanılıb

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin köməkçisi Faiq Əmirli həbs olunub. 

Mayın 25-də Sabirabad Rayon Məhkəməsində bu barədə qərar çıxarılıb. Qərara əsasən, F.Əmirli İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsilə təqsirli bilinib və ona 15 gün inzibati həbs cəzası kəsilib.

F.Əmirli əslən Sabirabad rayonundandır, amma həyat yoldaşı və övladları ilə Bakıda yaşayır. Həyat yoldaşı Lalə Əmirlinin Meydan TV-yə bildirdiyinə görə, F.Əmirli Ramazan bayramı ilə əlaqədar valideynlərinin məzarını ziyarət etmək üçün Sabirabad rayonuna getmişdi. Elə orada da həbs edilib.

L.Əmirlinin bildirdiyinə görə, polislər həyat yoldaşını Sabirabaddakı evlərindən söhbət etmək adıyla çağırıb aparıblar: "Bir müddət sonra xəbər gəldi ki, 15 gün həbs qərarı verilib”.

Bu, Azərbaycanda karantin rejimi tətbiq olunandan bu yana F.Əmirlinin ikinci həbsidir. Birinci dəfə o, aprelin 8-də Bakıda, "20-ci sahə” adlanan ərazidə yaşadığı evin yanında saxlanmışdı. Onu İnzibati Xətalar Məcəlləsinin 211-ci (epidemiya əleyhinə rehimin, karantin rejimi qaydalarının pozulması) maddəsilə ittiham edərək, bir gün sonra məhkəmə qarşısına çıxarmışdılar. Səbail Rayon Məhkəməsinin qərarı ilə ona 30 sutka həbs cəzası kəsilmişdi.

Amma F.Əmirli bildirirdi ki, onu evinin yanında zibil atmaqdan qayıdarkən, elə ev geyimində mülki geyimlilər tutub, zorla maşına mindiriblər. Daha sonra Səbail rayonu, 8-ci polis bölməsinə gətirib, barəsində inzibati xəta protokolu tərtib ediblər.

Aprelin 8-də F.Əmirlidən sonra bir aya yaxın müddətdə AXCP-nin 30-a qədər fəalı həbs olundu.

"Azadlıq” qəzetinin yayım direktoru olan Faiq Əmirli bundan öncə də bir ilə yaxın həbsdə olub. 2016-cı il avqustun 20-da saxlanılan F.Əmirli o zaman Cinayət Məcəlləsinin dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə və milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması maddələri ilə ittiham edilib. İstintaq orqanları onu ABŞ-da yaşayan Fəthullah Gülənin tərəfdarlarının "Hizmet” Hərəkatının imamı kimi təqdim edib. Daha sonra ona qarşı yeni ittihamlar irəli sürülüb: vergidən yayınma və vəzifə səlahətindən sui-istifadə maddələri.

Faiq Əmirli Səbail Rayon Məhkəməsinin hökmü ilə 3.3 il azadlıqdan məhrum edilib. 2017-ci ilin sentyabrın 15-də Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə şərti azadlığa buraxılıb.

Amma o zaman da F.Əmirli özünü təqsirli bilmir, ittihamların saxta olduğunu bildirirdi. F.Əmirlinin həbsindən az sonra "Azadlıq” qəzetinin fəaliyyəti dayandırılıb.