"Fairmont Baku"da jurnalistləri təhqir edən oğlan ötən il qəza törədibmiş - FOTOLAR

06-07-2020 12:03 / Bu xəbər 962 dəfə oxundu

"Fairmont Baku"da jurnalistləri təhqir edən İsmayıl Babayev 2019-cu ilin dekabrında avtomobil qəzası ilə gündəmə gəlib. 

Demokrat.az-ın məlumatına görə, həmin vaxtı Bakının Nərimanov rayonunda 4 avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Avtoqəza Əhməd Rəcəbli küçəsində qeydə alınıb.

Qənbərov Seyfəddin Kərəməli oğlu idarə etdiyi "VAZ 2107" markalı minik avtomobili ilə hərəkətdə olarkən geriyə dönmə əməliyyatı etmək istəyib. Lakin arxadan gələn nəqliyyat vasitələrini gözləmədiyindən qəzaya səbəb olub. 

Arxada hərəkətdə olan və Babayev İsmayıl Fətulla oğlunun idarə etdiyi "Mercedes Gelandewagen" markalı avtomobil əvvəlcə "VAZ 2107"-yə, daha sonra isə Hüseynov Bəxtiyar Firudin oğlunun idarə etdiyi "Jeep" və Murtuzayev Məmməd Murtuza oğlunun idarə etdiyi digər "Mercedes" markalı nəqliyyat vasitələrinə çırpılıb. 

Qəza zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

Əraziyə Nərimanov Rayon Dövlət Yol Polis İdarəsinin əməkdaşları cəlb olunub. Hadisənin təfərrüatı araşdırılır.