“Fakt Yoxla” daha bir deputatı yalançı çıxartdı

“Fakt Yoxla” daha bir deputatı yalançı çıxartdı

14-05-2021 01:41 / Bu xəbər 4423 dəfə oxundu

Milli Məclisin deputatı Qüdrət Həsənquliyev yerli mediaya deyib ki, ABŞ heç vaxt Azərbaycan torpaqlarının işğal faktına münasibət bildirməyib.

"ABŞ ermənilərin Azərbaycan torpaqlarını işğal etməsinə, azərbaycanlılara qarşı soyqırımlara heç bir münasibət bildirmədi”, – deyə o vurğulayıb.

"Fakt Yoxla” deputatın iddiasının doğru olub-olmadığını yoxlayıb.

Sayt yazır ki, ABŞ BMT Təhlükəsizlik Şurasının (TŞ) 5 daimi üzvündən biri kimi erməni silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxmasını tələb edən 822, 853, 874 və 884 saylı qətnamələrin lehinə səs verib: "1993-cü ildə qəbul edilən bu qətnamələrdə erməni silahlı birləşmələrinin Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan və digər işğal olunmuş ərazilərdən çıxması tələb olunur. Bu qətnamələr TŞ-nın üzvləri tərəfindən yekdilliklə qəbul olunub. TŞ-ın işləmə prinsipinə əsasən, 5 daimi üzvün hər birinin iclasda müzakirə olunan məsələlərə "veto” qoymaq haqqı var. Belə olan halda hər hansı sənəd qəbul edilə bilməz. Bu baxımdan, sözügedən 4 qətnamənin qəbulunda TŞ-nın 4 daimi üzvü ilə yanaşı, ABŞ-ın da səsi həlledici rol oynayıb".

"Bundan əlavə, 2020-ci ildə ABŞ Konqresinin Nümayəndələr Palatası tərəfindən qəbul edilmiş 296 saylı düzəliş də Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal olunduğu faktını tanıyır. Sənəddə Azərbaycan, Gürcüstan, Ukrayna və Moldovanın işğal olunmuş ərazilərindən köçkün düşmüş və həmin ərazilərdə qətlə yetirilmiş sözügedən ölkə vətəndaşları barədə hesabatın Dövlət katibi tərəfindən Müdafiə katibi ilə əlaqələndirilməklə Konqresə təqdim olunması istənilirdi", - "Fakt Yoxla”nın araşdırmasında deyilir. 

Beləliklə, ABŞ Azərbaycan ərazilərinin işğal olunması faktına münasibət bildirib. "Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, Qüdrət Həsənquliyevin iddiası yanlışdır.