Fazil Qasımov 58-ci gündür ki, aclıq edir
10-08-2024 16:40 / Bu xəbər 586 dəfə oxundu
İstanbul Universitetinin doktorantı, iqtisadçı Fazil Qasımov 58-ci gündür aclıq aksiyasını davam etdirir.
Bu barədə "Turan”a avqustun 10-da Penitensiar xidmətin müalicə müəssisəsində onunla görüşəndən sonra yaxınları məlumat verib.
"Aclıq aksiyası nəticəsində Fazilin bədəni taqətdən düşüb. Onun vəziyyəti ağırdır. Mədə, böyrək və ürək ağrıları dözülməz hala gəlib. O qədər arıqlayıb ki, sanki bədəni əriyib yoxa çıxır. Eləcə də şiddətli baş ağrıları var. Amma ailəmizin xahişinə baxmayaraq, Fazil aclıq aksiyasını dayandırmaq istəmir. O, sona qədər ac qalacağını söylədi”, – deyə qardaşı Nazim Qasımov "Turan”a bildirib.
Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə N.Qasımovun cinayət işi üzrə hazırlıq iclası avqustun 15-nə təyin edilib.
***
Fazil Qasımov 2023-cü il avqustun 7-də Türkiyədə saxlanılaraq Azərbaycana gətirilib və AR Cinayət Məcəlləsinin 204.3.1 (mütəşəkkil dəstənin tərkibində saxta pul hazırlama, əldə etmə və ya satma) maddəsi ilə təqsirli bilinir.
İstintaq iddia edir ki, saxta pulu sonradan həbs edilən müxalif siyasətçi Qubad İbadoğluya məhz o verib.
Bu günlərdə Qasımov Baş prokurora, Ombudsmana, yerli və beynəlxalq ictimaiyyətə müraciətində bu ifadəni işgəncə altında verdiyini bildirib.
O, İbadoğluya saxta pul vermədiyini, onunla FETÖ mövzularında (Türkiyədə terror təşkilatı kimi tanınan vaiz Fətullah Gülənin hərəkatı) heç vaxt müzakirə etmədiyini bildirərək bu ifadəsini geri götürüb.
İyunun 14-dən Qasımov istintaqın əvvəlindən əsassız cinayət təqibinə və işgəncələrə etiraz olaraq aclıq aksiyası keçirir.