Fazil Qasımovun ölümlə təhdid olunduğu bildirilir
27-01-2025 23:52 / Bu xəbər 192 dəfə oxundu
Qardaşı deyir ki, Anar Əliyev ondan vəkilindən imtina etməsini istəyib
Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) keçmiş sədri, iqtisadçı Qubad İbadoğlunun həbsindən sonra Türkiyədə saxlanılaraq Azərbaycana gətirilən və onunla eyni cinayət işi üzrə ittiham olunan İstanbul Universitetinin doktorantı Fazil Qasımovun işgəncə, ölümlə təhdid olunduğu bildirilir.
Bu barədə Meydan TV-yə onun ailə üzvləri məlumat verib.
"Yanvarın 25-də Fazil Qasımov bizimlə telefonla əlaqə saxlayarkən başına gələnləri xəbər verdi. Məlum oldu ki, bir gün əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsində proses başa çatandan sonra o, təhdid olunub, hətta ölümlə hədələnib. Digər təqsirləndirilən Anar Əliyev ondan vəkillərindən imtina etməsini, dediklərinə tabe olmasını tələb edib. Əks halda, onu döydürməklə, qanını tökməklə, məhv etdikməklə hədələyib”, – Fazil Qasımovun qardaşı Nazim Qasımov bildirib.
Qardaşının həyatı və təhlükəsizliyi baxımından narahat olduğunu vurğulayan Nazim Qasımov əlavə edib ki, son məhkəmə iclaslarında Fazil Qasımovun vəkilləri Telman Qasımov və Fuad Ağayevin həqiqətlərin üzə çıxarmaq üçün verdikləri suallar Anar Əliyevi narahat edib.
O, məhkəmədə suallardan qıcıqlanıb, əsəbi reaksiya verib.
Fazil Qasımov 5 aydır ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Anar Əliyev adlı şəxslə birlikdə mühakimə olunur.
Onların işi məhkəməyə göndəriləndə Qubad İbadoğlunun işi ayrılıb.
Yeri gəlmişkən, Fazil Qasımovun həm özü, həm də vəkilləri Qubad İbadoğlunun məhkəmədə gəlib ifadə verməsini tələb edir.
Vəkil Telman Qasımov bir neçə ay əvvəl bu barədə vəsatət qaldırsa da, hakimlər vəsatəti baxılmamış saxlamışdı.
Budəfəki məhkəmə prosesində hakim Mahirə Kərimova Fazil Qasımova ifadə verməyi təklif edəndə o bildirib ki, əvvəl baxılmamış vəsatətlərlə bağlı qərarlar qəbul edilsin. Məsələn, Qubad İbadoğlu gəlib ifadə versin.
Hakim deyib ki, sənədlərin tədqiqi mərhəsində bu məsələyə baxılacaq.
Vəkil Fuad Ağayev buna etiraz edib.
Vəkil bildirib ki, Fazil Qasımova Qubad İbadoğlu ilə əlbirlik ittihamı verilib.
Təqsirləndirilən Anar Əliyevin ifadəsində dəfələrdə Qubad İbadoğlunun adı çəkilib.
Şahidlər bir neçə dəfə onun adını hallandırıb. Amma məhkəmə onu çağırmaq istəmir: "Təqsirləndirilən şəxslər, şahidlər – hamı Qubad İbadoğlunun adını çəkir. Burada Qubad İbadoğlunun adını çəkməyən adam qalmadı. Siz isə onu çağırıb dindirmək istəmirsiniz. Qubad İbadoğlunu dindirməyəndən sonra nə qədər məhkəmə keçirsəniz də, nə mənası var?”
Digər təqsirləndirilən Anar Əliyev ondan tapıldığı iddia edilən saxta dollarları Qubad İbadoğludan alması barədə məhkəmədə ifadə versə də, iqtisadçının məhkəmədə dindirilməsi haqda vəsatətə etiraz edib.
O bildirib ki. Qubad İbadoğlunun məhkəməyə çağırılıb dindirilməsinə ehtiyac yoxdur.
Prokuror Babaxan Həsənəliyev də vəsatətə etiraz edib.
Dövlət ittihamçısı bildirib ki, Qubad İbadoğlu haqqında cinayət işi ayrılıb, lakin xitam verilməyib.
O hələ də təqsirləndirilən şəxsdir. Ona görə də öz əleyhinə ifadə verməmək hüququ var. İstəsə, gəlib ifadə verməkdən imtina edə bilər.
Vəkil Fuad Ağayev bildirib ki, hətta Qubad İbadoğlunun haqqında cinayət işinin ayrılması da absurd qərardır: "Fazil Qasımova ittiham verilib ki, guya Qubad İbadoğluya 21 min dollar saxta pul verib. Əlbir olublar. Amma işləri bir-birindən ayırırlar. Qubad İbadoğlunu da dindirmək istəmirsiz. Absurd mənzərə yaranır”.
Mahirə Kərimova, Anar Sadıqov və Fəxri Məmmədovdan ibarət hakimlər kollegiyası Qubad İbadoğlunun dindirilməsi barədə vəsatəti təmin etməyib.
Məhkəmə prosesi yanvarın 30-da davam edəcək.
Fazil Qasımov 2024-cü ilin iyunundan həbsdə aclıq aksiyası keçirir, yalnız maye qəbul edir.
Yaxınlarının bildirdiyinə görə, vaxtaşırı bal ilə maye qarışığı qəbul elədiyinə görə orqanizm 7 aydan çox davam edən aclığa tab gətirə bilib.
Qubad İbadoğlu 2023-cü il iyulun 23-də tutulub, avqustun 8-də isə Fazil Qasımov İstanbulda saxlanılaraq Bakıya gətirilib.
1990-cı il təvəllüdlü Fazil Qasımov özünü təqsirli bilmir və heç bir cinayət törətmədiyini, ona qarşı irəli sürülmüş saxta pul ittihamının yalan olduğunu deyir.
Qubad İbadoğlu tutulduğu gün onun ofisindən 40 min dollar pul tapılıb, bunun da bir hissəsi saxta olub.
İttihama görə, saxta pulları da o, Türkiyədən gətirib.
Təqsirləndirilən iqtisadçı bildirib ki, həmin pulun ona heç bir aidiyyəti yoxdur.
İstintaq zamanı Anar Əliyev Qubad İbadoğlunun əleyhinə ifadə versə də, iqtisadçı bu şəxslə heç vaxt əlaqəsi olmadığını, onun yalan danışdığını bəyan edib.
Qubad İbadoğlu 2024-cü il aprelin 22-də həbsdən buraxılıb.
Ev dustaqlığına buraxılandan təxminən 20 gün sonra – mayın 14-də sədri olduğu Azərbaycan Demokratiya və Rifah Partiyasının fəaliyyətinin dayandırılması barədə qərar qəbul edilib.