Fəal Elşən Kərimov 6 il müddətinə azadlıqdan məhrum edilib
28-01-2025 13:15 / Bu xəbər 160 dəfə oxundu
Hakimiyyətin zorla ələ keçirilməsinə yönələn açıq çağırışlar etməkdə təqsirləndirilən fəal Elşən Kərimov 6 il azadlıqdan məhrum edilib.
Bu barədə hökmü yanvarın 28-də Səbuhi Hüseynovun sədrliyi ilə Bakı Ağır Cinayətlər Məhkəməsi çıxarıb.
Prokuror Elşən Kərimovun 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Vəkil Zibeydə Sadıqova cəzanın yüngülləşdirilməsini xahiş edib.
Onun sözlərinə görə, Elşən Kərimov özünü təqsirli bilməyib.
Fəal bu il aprelin 17-də Yevlax rayonunun Rüstəmli kəndində saxlanılıb. Baş Prokurorluğun İstintaq İdarəsində ona qarşı Cinayət Məcəlləsinin 281.1-ci maddəsilə (hakimiyyətin zorla ələ keçirilməsinə yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma) cinayət işi başlanılıb.
Aprelin 19-da Binəqədi Rayon Məhkəməsi Kərimovu 3 ay müddətinə həbs edib.
Elşən Kərimov sosial şəbəkələrdə siyasi məhbusları – Azərbaycanda həbs olunan Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəallarını, digər siyasi partiyaların üzvlərini, ictimai fəalları və jurnalistləri müdafiə edən yazılar dərc edib.