Fəal etiraz aksiyasında iştiraka görə işdən çıxarılıb
09-08-2021 18:10 / Bu xəbər 5643 dəfə oxundu
İctimai fəal Emin Xəlilov avqustun 6-da Xəzər Rayon Polis İdarəsinin binası qarşısında etiraz aksiyasında iştirak etdiyinə görə "Kontakt Home" (elektron və məişət texnikası mağazalar şəbəkəsi) şirkətində işdən çıxarıldığını bildirib.
"Avqustun 6-da üzrlü səbəbdən mağaza rəhbərliyindən icazə almışam. İşim bitdikdən sonra xəbər tutdum ki, bir qrup gənc fəal məişət zəminində qadınların öldürülməsinə qarşı etiraz aksiyası keçirəcək. Mən də aksiyaya qoşuldum. Aksiyadan bir gün sonra isdə dedilər ki, məni işdən azad ediblər, baş ofisə getməliyəm. Orada mənə dedilər ki, polis mənim aksiyadan fotomu göndərib, buna görə də rəhbərlik mənimlə çalışmaq istəmir", - Xəlilov bildirib.
Onu 10 ay işlədiyi şirkətdən işdən çıxması barədə ərizə yazmağa məcbur ediblər.
Vəkil Elçin Sadıqovun sözlərinə görə, Əmək Məcəlləsində vətəndaşların işdənkənar fəaliyyətə görə işdən çıxarılması nəzərdə tutulmayıb. Xəlilov öz hüquqlarının bərpası üçün hüquqi prosedurlara başlamaq niyyətindədir.
"Turan" İnformasiya Agentliyi