Fəallar “Siyasi məhbuslara azadlıq!” şüarı ilə aksiya keçirib

Fəallar “Siyasi məhbuslara azadlıq!” şüarı ilə aksiya keçirib

29-07-2019 16:13 / Bu xəbər 987 dəfə oxundu

Müsavatçı fəalının məhkəməsinin təxirə salınması etiraza səbəb olub

İyulun 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində Müsavat Partiyasının fəalı Azad Həsənovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. 

Məhkəmə vəkil Osman Kazımovun Azad Həsənovun cinayət işinə xitam verilməsi ilə bağlı vəsatətini təmin etməyib və məhkəmə avqustun 5-nə təyin edilib.  

Bu gün məhkəmə iclasından sonra bir qrup fəal Mərkəzi Parkda "Azad Həsənova azadlıq!”, "Siyasi məhbuslara azadlıq!” şüarları qaldırararq etiraz aksiyası keçirib. 

Fəallar həmçinin "Azadlıq!”. "İstefa!”, "Siyasi məhbuslara azadlıq!”, "Azad Həsənova azadlıq!” şüarları səsləndirərək park boyu bir neçə yüz metr irıliləyib. Bu zaman polis müdaxilə edib, şüarları cırıb, bir neçə fəal saxlanılıb.

Azad Həsənov 2014-cü ildən Litvada mühacir həyatı yaşayıb. Ağır xəstə olan atasını görmək məqsədilə ötən ilin oktyabrın 11-də Bakıya gəlib və həmin gün saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldəetmə, daşıma, saxlama) maddəsi ilə ittiham irəli sürülüb. Bu ittiham sübut olunarsa onu 5 ildən 12 ilədək həbs cəzası gözləyir.

A.Həsənov 2003-cü ildən Müsavat Partiyasının üzvüdür.

Müsavat Partiyası onun həbsinin qurama və siyasi motivli olduğunu bəyan edib.

Azərbaycan rəsmiləri ölkədə insanların siyasi baxışlarına görə həbs olunmasına dair iddiaları qəbul etmir.///Amerikanın səsi