“Fəqan Əhmədov dedi ki, zarafatyana tüfəngi həyat yoldaşına doğru tuşlayıb”

“Fəqan Əhmədov dedi ki, zarafatyana tüfəngi həyat yoldaşına doğru tuşlayıb”

16-09-2021 22:02 / Bu xəbər 1473 dəfə oxundu

Polis xanımını öldürən hakimlə bağll ifadə verdi

Həyat yoldaşını qətlə yetirməkdə ittiham olunan Sabunçu Rayon Məhkəməsinin hakimi Fəqan Əhmədovla bağlı məhkəmə araşdırmaları davam edir. Sentyabrın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində hadisədən sonra olayın baş verdiyi Nardaran qəsəbəsindəki bağ evinə gəlmiş polis əməkdaşları ifadə verib.

Sabunçu Rayon Polis İdarəsinin əməliyyat müvəkkili Yasin Umudov ifadəsində bildirib ki, gecə işdə olduğu vaxt növbətçi hissəyə belə bir hadisənin baş verməsi haqda məlumat daxil olub. 

Şahidin sözlərinə görə, o, dərhal xəbəri verən nömrəyə zəng edib. Zəngə Fəqan Əhmədov cavab verərək, həyat yoldaşını öldürdüyünü deyib. Bundan sonra hadisənin baş verdiyi bağ evinə gedib. Evə çatanda artıq Sabunçu rayonu, 42 və 43-cü polis bölmələrinin rəhbər vəzifəli şəxsləri də daxil ol olmaqla, xeyli polis olub. 

Fəqan Əhmədovdan hadisənin hansı səbəbdən baş verdiyini soruşanda o bildirib ki, ov tüfəngini götürüb, həyat yoldaşını qorxutmaq üçün zarafatyana ona tuşlayıb. Elə bilib ki, silahın qoruyucusu bağlıdır. Tətiyi çəkəndə silah açılıb və güllə Pərvanə Əhmədovaya ürək nahiyəsindən dəyib.

Yasin Umudov deyir ki, həmin vaxt Fəqan Əhmədovun sərxoş olduğu görünürdü, ondan spirtli içki qoxusu gəlirdi: "Fəqan Əhmədovun yoldaşının meyiti divanda oturmuş vəziyyətdə idi. Otaqda silah və bir patron var idi. Orada eşitdim ki, o, həyat yoldaşını vurandan sonra silahı götürüb çıxıb, özünü də vurmaq istəyib. Amma uşaqları gözünün qarşısına gəlib, özünü vurmayıb. Dedi ki, spirtli içki içdiyinə görə arada mübahisələri olurdu".

Sabunçu Rayon Polis İdarəsinin Nardaran qəsəbəsi üzrə sahə rəisi Rüfət İsgəndərov da dindirilib. O bildirib ki, Fəqan Əhmədovu tanıyırdı, məhkəmə hakimi olduğunu bilirdi: "Fəqan Əhmədov çox həyəcanlı idi. Peşman olduğunu deyirdi. Bildirirdi ki, ehtiyatsızlıqdan oldu. Dedi ki, Novruz bayramında atəşfəşanlıq üçün havaya atəş açmışdı, ondan sonra silahı yerinə qoymuşdu".

Hər iki şahidin məhkəmədə dediklərilə istintaqdakı ifadələri arasında ziddiyyət olub. Polislər prokurorluqdakı ifadələrində deyiblər ki, Fəqan Əhmədov onlara həyat yoldaşı ilə spirtli içki qəbuluna görə mübahisə etdiyini, bundan sonra ikinci mərtəbədən silahı gətirib onu vurduğunu deyib.

Əməliyyat müvəkkili Yasin Umudov istintaqdakı ifadəsində bildirib ki, otaqda yerdəiki patron görüb. Məhkəmədə isə bir patron gördüyünü söyləyib.

İstintaqda Fəqan Əhmədovun əleyhinə ifadə verənlərdən biri də onun 14 yaşlı oğlu olub. Ötən məhkəmə iclasında təqsirləndirilən hakim dindirmənin oğluna psixoloji baxımdan pis təsir etdiyini əsas gətirib, onun dindirilməməsini, ifadəsinin elan edilmiş hesab olunmasını istəmişdi. Bu dəfə oğlu özü də yaxınlarına qarşı ifadə verməmək hüququndan istifadə etmək istəyib. Rövşən Əhmədovun istintaqa ifadəsi elan olunmuş hesab edilib.

Bu cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Sentyabrın 30-da keçiriləcək növbəti iclasda prokuror çıxış etməlidir.

Fəqan Əhmədovun həyat yoldaşı Pərvanə Əhmədovanı mayın 30-da Nardaranda bağ evində özünə məxsus ov tüfəngindən açılan atəş nəticəsində öldürdüyü iddia olunur.

Hadisə ilə əlaqədar əvvəlcə Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. Lakin Baş Prokurorluğun rəhbərliyinin göstərişilə bu işi üzrə araşdırmalar Baş Prokurorluğun İstintaq idarəsində həvalə olunub.

Fəqan Əhmədov hadisənin ehtiyatsızlıqdan baş verdiyini deyir.

1976-cı il təvəllüdlü Fəqan Əhmədov 2016-cı ildən Sabunçu Rayon Məhkəməsinin hakimidir. Bundan öncə isə o, 5 il (2011-2016) 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi vəzifəsində çalışıb. Hakimlikdən əvvəl üç il Xətai Rayon Məhkəməsində böyük məsləhətçi işləyib. Buna qədər isə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Tofiq Paşayevin köməkçisi və məhkəmə iclas katibi olub. Tofiq Paşayev Xətai Rayon Məhkəməsinə sədr göndəriləndən sonra onu da özü ilə aparıb. Fəqan Əhmədov daha öncə Səbail Rayon Məhkəməsində də işləyib. O, Bakı Dövlət Universitetində hüquq təhsili alıb.

Onun adı bir sıra qalmaqallı işlərdə hallanıb, sifarişlə hökmlər çıxarmaqda ittiham olunub. 

AXCP sədri Əli Kərimlinin mühafizəçisi Niyaməddin Əhmədovun atası Arif Əhmədov Meydan TV-yə açıqlamasında şikayətlənirdi ki, Sabunçu rayon Məhkəməsinin hakimi Fəqan Əhmədov həbsdə olan oğlunun hüquqlarının pozulmasıyla bağlı şikayətlərini araşdırmadan ərizəni geri qaytarır.