Fərəc Kərimli: "Nahid Cəfərov böhtan, Əlövsət Əliyev yalan deyir..."

Fərəc Kərimli:

22-11-2017 18:12 / Bu xəbər 2540 dəfə oxundu

''Necə olur, adı naməlum qalana problem yaratmaqdan narahatdır, amma fakt ortaya qoymadan minlərlə üzvü olan partiya rəhbərliyi haqda şübhə yaratmaqdan narahat olmur?''

Sabiq diplomat Nahid Cəfərov "Müxalifətin hakimiyyətdən mənimsədiyi metodlar” məqaləsində Müsavat Partiyasını mühacir alverində ittiham edir.

Nahid Cəfərov ittihamının əsaslı olduğunu və bununla bağlı bir sıra faktlar əldə etdiyini də qeyd edir.

"Müsavat rəhbərliyindən pulla sənəd aldığını deyən şəxsən tanıdığım insanlar var və o sənədlərin bir neçəsini də görmüşəm. Həmin məlumatları ictimailəşdirməməyimin əsas səbəbi o şəxslərin bir neçəsinin ailə üzvləri (uşaqları) ilə Avropada oturum almasıdır. Həmin uşaqlar kimlərinsə dələduzluğunun cəzasını çəkməli deyil deyə düşünürəm. Çünki məsələ ictimailəşsə, həmin ailələrin oturumları əllərindən alınacaq. Burda söhbət təkcə Müsavatın adından istifadə edən dələduzlardan getmir. Bu məsələdə Arif Hacılı şəxsən iştirak etməsə belə, buna görə istefa verməli, ya da problemi araşdırmalı, adlarından istifadə edənləri ifşa etməli idi. Amma Hacılı tam əksinə, müdafiəyə üstünlük verdi”, - deyə Cəfərov yazır.

Müsavat Partiyasının başqan müavini Fərəc Kərimli yazılanların partiyaya atılan böhtan hesab edir.

O, bu barədə Meydan TV-yə danışarkən deyib ki, Nahid Cəfərov yazdıqlarında bir neçə dəfə özü-özünü təkzib edib:

"Birinci, müəllif qeyd edir ki, bir ailə mühacir statusu almaq üçün müraciət edib, ardınca partiya rəhbərliyinə müraciət olunub, amma partiya rədd edib. Sonrakı fikrində yazır ki, başqa biri bu məsələlərə baxır. Daha sonra qeyd edir ki, həmin adam oturum ala bilməyib və məsələ həll edilməyib. Nəhayət, Nahid Cəfərov nə partiya bileti satan şəxslərin, nə də zərərçəkənin adını çəkir. Guya ad çəksə, mühacir olmaq istəyənə problem yarana bilər və oturumu ləğv edilər. Necə olur, adı naməlum qalana problem yaratmaqdan narahatdır, amma fakt ortaya qoymadan minlərlə üzvü olan partiya rəhbərliyi haqda şübhə yaratmaqdan narahat olmur?”

Fərəc Kərimov mühacir alveri adlı böhtan kampaniyasının hakimiyyət televiziyalarında başladığını deyib:

"Zaman-zaman Avropada yaşayan bəzi mühacir alverçiləri tərəfindən gündəmə gətirilir. Müsavat Partiyası xaricdə oturum almaq üçün kiməsə dəstək verməz, çünki bu, partiya nizamnaməsinə, yerli və xarici qanunvericiliklərə ziddir. Partiya üzvlərinə gəldikdə, hər kəs partiyadan arayış ala bilər, burda qanunsuzluq yoxdur. Amma burda söhbət xaricdə oturum almaqdan getmir. Əgər kimdəsə bu barədə fakt varsa, ictimailəşdirilməsinin tərəfindəyik. Belə hallar olmadığı halda partiyada narahatlıq da yoxdur”.

Fərəc Kərimli Əlövsət Əliyevin Almaniyada siyasi partiya üzvləri sırasında daha çox müsavatçıların olması iddiasını da rədd edib. Azərbaycan Miqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev Meydan TV-yə müsahibəsində deyib ki, Almaniyada sığınacaq alan azərbaycanlılarla bağlı sorğu keçirilib:

"Almaniyada sığınacaq alan YAP üzvlərinin sayı Müsavat istisna olmaqla digər partiyaların hamısından çoxdur. Belə ki, bizim sorğuya cəlb etdiyimiz 1000 nəfərdən 304 nəfəri siyasi partiya üzvləridir. Onların  97 nəfəri Müsavat Partiyasının, 64 nəfəri isə Yeni Azərbaycan Partiyasının üzvləridir. Yerdə qalanlarını AXCP, KXCP, ADP, VHP, REAL Hərəkatı və digərləri təşkil edir”.

Fərəc Kərimli həmin məlumatı yalanlayır: "Əlövsət Əliyevin məlumatları yalandır, düzdür, təqiblərlə üzləşib Avropaya mühacir edən üzvlərimiz var. Bunu sosial şəbəkələrdən də müşayiət edə bilərik ki, başqa təşkilatlarla bərabər Müsavat Partiyasının xaricdə mühacir həyatı yaşayanlar var. Amma bunu kampaniyaya çevirmək, maddi maraqlara çıxartmaq böhtandır”.