Fətullah Gülənin öldüyü bildirilir

Fətullah Gülənin öldüyü bildirilir

21-10-2024 19:53 / Bu xəbər 517 dəfə oxundu

Qardaşı oğlu məlumatı təsdiqləyib

Türkiyədə terrorçu təşkilat elan olunan FETÖ-nün rəhbəri Fətullah Gülənin oktyabrın 20-də ABŞ-də vəfat etdiyi bildirilir.

Məlumatı din xadiminin qardaşı oğlu Ebuseleme Gülen sosial şəbəkələrdə təsdiq edib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fətullah Güləni 2016-cı ildə baş vermiş dövlət çevrilişi cəhdinin "təşkilatçısı” adlandırıb.

R.T. Ərdoğan ABŞ-dən ilahiyyatçının təhvil verilməsini tələb etsə də, F.Gülən özü çevrilişlə əlaqəsini inkar edirdi.

F.Gülən ilahiyyatçı, "Hizmet” islam hərəkatının lideri və Türkiyənin ən nüfuzlu din xadimlərindən biri olub.

FETÖ Türkiyə hakimiyyətinin təşkilata verdiyi addır (Fətullah Güllənin Terror Təşkilatı).

F.Gülən və R.TƏrdoğan uzun illər ərzində siyasi müttəfiq olublar.

2003-cü ildə Ərdoğan hakimiyyətə gəldikdən sonra onların yolları ayrılıb.

Fətullah Gülən 1941-ci ildə Ərzurumun Pasinlər mahalının Korucuk kəndində anadan olub.

F.Gülən 1959-cu ildə Ədirnədəki Üç Şerefeli məscidinin imamı təyin edilib.

1961-ci ilin noyabrında Ankaraya hərbi xidmətə gedən Gülən 1963-cü ildə hərbi xidmətini başa vuraraq Ərzuruma qayıdıb.

Gülən Ərzurumda olduğu müddətdə Anti-Kommunizm Dərnəklərinin (KMD) açılmasında fəal rol oynayıb.

1964-cü ildə Ədirnəyə qayıdan və müxtəlif məscidlərdə imam və imam köməkçisi vəzifələrində çalışan Gülən sonrakı illərdə "Hizmet hərəkatı” olaraq bilinəcək İslam təşkilatının əsasını qoyur.

F.Gülən 1971-ci il mayın 3-də həbs olunub.

O, 1974-cü ildə Bülent Ecevitin başçılıq etdiyi 37-ci hökumət dövründə qəbul edilən amnistiya qanunu ilə ittihamlardan bəraət alıb.

Cevdet Saral və Osman Ak 16 aprel 1999-cu ildə ‘”Fətullah Gülən İşıq Təriqəti” ilə bağlı reportaj hazırlayıblar, ardınca Gülənə və onun qurduğu struktura qarşı ilk iddia qaldırılıb.

Gülən 1999-cu ildə ona qarşı açılan istintaqdan az əvvəl "səhhətindəki problemlər” səbəbindən ABŞ-yə gedib.

Gülən Amerikada verdiyi açıqlamada bütün ittihamları rədd edib.

Ona qarşı iş ilk dəfə 2000-ci ilin dekabrında çıxarılan amnistiya ilə dayandırılıb.

2006-cı ildə Terrorla Mübarizə Qanununa (TMK) edilən dəyişiklikdən sonra F.Gülənin vəkillərinin müraciəti ilə yenidən görünüb.

2008-ci ildə cinayətə və zorakılığa əl ataraq təşkilat yaratmasına dair heç bir sübut olmadığı üçün barəsində bəraət hökmü çıxarılıb və qərar Ali Apelyasiya Məhkəməsinin Cinayət İşləri üzrə Baş Məclisi tərəfindən yekdilliklə təsdiq edilib.

Milli Təhlükəsizlik Şurasının (MGK) 30 aprel 2014-cü il tarixli iclasında Gülən camaatı "terror təşkilatı” elan edilib.

Onun yaratdığı strukturun məqsədinin "seçilmiş hökuməti devirmək və ölkə idarəçiliyini ələ keçirmək” olduğu bildirilib.