FHN: Bakıda tuneldə batan hər iki şəxsin meyiti çıxarılıb

FHN: Bakıda tuneldə batan hər iki şəxsin meyiti çıxarılıb

22-10-2024 18:01 / Bu xəbər 495 dəfə oxundu

Nazirlik birinin nəşini ailəsinə təhvil verib, digərinin morqda olduğu bildirilir

Bakıda güclü yağışdan sonra "Sabunçu keçidi” kimi tanınan ərazidə batan iki nəfərin meyiti tapılıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilir ki, Bakı şəhəri, Sabunçu rayonu ərazisində subasmaya məruz qalmış tuneldə 1976-cı il təvəllüdlü Şirinov Elnur Fazil oğlunun cəsədi FHN-in əməkdaşları tərəfindən suyun altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Axtarışı davam edən digər şəxsin – Abbasov Köçəri Fərman oğlunun da cəsədinin tapıldığı deyilir.

FHN qeyd edib ki, 1995-ci il təvəllüdlü Abbasov Köçəri Fərman oğlunun cəsədi nazirlik əməkdaşları tərəfindən suyun altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Yaxınları Meydan TV-yə deyiblər ki, Köçəri Abbasovun nəşi hazırda Sabunçu rayonunda morqdadır.

Onların dediyinə görə, tuneldə batan şəxslər müəyyən obyektlərə çörək daşıyırmışlar.

Baş Prokurorluq Sabunçu tunelindəki faktla bağlı araşdırma aparıldığını bildirib.

Oktyabrın 22-də Bakının Sabunçu rayonu ərazisində sel sularının tunelə dolması nəticəsində iki nəfərin batdığı barədə məlumat yayılmışdı.