FHN əhaliyə xəbərdarlıq etdi: Bakıda külək olacaq

FHN əhaliyə xəbərdarlıq etdi: Bakıda külək olacaq

09-05-2021 16:07 / Bu xəbər 3288 dəfə oxundu

Bu gün axşam saatlarından başlayaraq ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, xüsusilə mayın 10-da güclü külək əsəcəyi proqnozlaşdırılır.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidməti məlumat verib.

Gözlənilən hava şəraiti ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, təhlükəsizlik naminə ciddi zərurət olmadan güclü küləkli havada bayıra çıxmamağı tövsiyə edib.

"Bununla yanaşı, əgər güclü külək sizi küçədə haqlayıbsa, yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Bu zaman diqqətli hərəkət edərək yaxınlıqdakı binanın zirzəmisində və ya möhkəm tikilidə daldalanmağa çalışmaq lazımdır.

Həmçinin güclü külək zamanı xüsusilə açıq hava şəraitində baş verən yanğınların söndürülməsinin mürəkkəbliyi nəzərə alınaraq, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməsi tövsiyə olunur", - FHN-nin məlumatında qeyd olunub.