FHN-nin idarəsi iki ildə nazirə məxsus olduğu deyilən şirkətə 10 milyon ödəyib
03-10-2024 14:41 / Bu xəbər 732 dəfə oxundu
Fövqəladə Hallar Nazirliyinin (FHN) Maddi Texniki-Təchizat İdarəsi "Qafqaznet" MMC-dən 311 179,66 manatlıq katric alacaq.
"Qaynarinfo" məlumat verir ki, şirkət idarənin bununla bağlı keçirdiyi tenderin qalibi seçilib.
Ümumiyyətlə, "Qafqaznet" şirkəti bir qayda olaraq FHN-nin Maddi Texniki-Təchizat İdarəsinin keçirdiyi satınalma müsabiqələrinin qalibi olur.
Dövlət satınalmalarınin vahid internet portalı üzərindən apardığımız araşdırma zamanı məlum olub ki, "Qafqaznet" şirkəti 2023-2024-cü illərdə FHN-nin Maddi Texniki-Təchizat İdarəsinin keçirdiyi haqqında bəhs etdiyimiz tender də daxil olmaqla 14 satınalma müsabiqəsinin qalibi seçilib. Bu tenderlər üzrə satınalma müqavilələrinin ümumi maliyyə dəyəri 9 801 490,98 manatdır.
"Qafqaznet" MMC-nin FHN-nə tabeli qurumun keçirdiyi tenderlərin qalibi seçilməsinin sirri şirkətin fövqəladə hallar naziri Kəmaləddin Heydərova məxsus olmasındadır.
"Qafqaznet" MMC 11 dekabr 2015-ci ildə qeydiyyata alınıb.
Nizamnamə kapitalı 20 manatdır.
Şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Ziya Bünyadov prospekti, 1965-ci məhəllə, "Çinar Park Biznes Mərkəzi"ndə yerləşir. MMC-nin qanuni təmsilçisi Əhmədov Xəyal Əkbər oğludur.
Şirkətin hüquqi ünvanı iki dəfə dəyişib. Bundan əvvəl "Qafqaznet" MMC-nin hüquqi ünvanı Binəqədi rayonu, Ziya Bünyadov küçəsi, ev 43A-da yeləşib.
Şirkət təsis ediləndə isə Yasamal rayonu, Nəriman Nərimanov prospekti, ev 206, məhəllə 466-da qeydiyyatda olub. Bu ünvanda Kəmaləddin Heydərova məxsus olduğu bildirilən bir neçə şirkətin, o cümlədən "Gilan Holdinq"ə daxil olan şirkətlər qeydiyyatdadır.
"Qafqaznet"in qanuni təmsilçisi də cari ildə dəyişib. Xəyal Əhmədov Cəfərov Adil Ələddin oğlunu əvəzləyib. Adil Cəfərov həm də "Qtech" MMC-nin qanuni təmsilçisidir. Bu şirkət də Binəqədi rayonu, Ziya Bünyadov küçəsi, ev 43A-da, yəni, "Qafqaznet"in bundan əvvəlki hüquqi ünvanında qeydiyyatdadır.
Beləliklə, aydın olur ki, 1 il ərzində FHN-nin Maddi Texniki-Təchizat İdarəsindən "Qafqaznet" şirkətin 10 milyon manata yaxın pul axıb.