Fikrət Cəfərli: "Rusiya yaranacaq mərkəzin silahsız, Türkiyə silahlı olmasında maraqlıdır"

Fikrət Cəfərli:

16-11-2020 12:30 / Bu xəbər 388 dəfə oxundu

Fikrət Cəfərli: "Rusiya yaranacaq mərkəzin silahsız, Türkiyə silahlı olmasında maraqlıdır"

"Dağlıq Qarabağla bağlı imzalanmış üçtərəfli bəyanatın 4-cü bəndi konkret olaraq Rusiya sülhməramlı qüvvələrinin münaqişə zonasında və müəyyən olunmuş ərazilərdə yerləşdirilməsi göstərilib. Elə həmin bəyanatın 5-ci bəndində münaqişə tərəflərinin atəşkəs razılaşmasına nəzarətin səmərəliliyinin artırılması məqsədilə Rusiya-Türkiyə sülhməramlı qüvvələrindən ibarət mərkəzin yaradılması da nəzərdə tutulur. Artıq mərkəzin yaradılması ilə bağlı Rusiya-Türkiyə Müdafiə nazirləri arasında memorandum da imzalanıb və qalıb texniki məsələlərin razılaşdırılması", - bunu Arqument.az-a siyasi şərhçi Fikrət Cəfərli deyib. 

Onun sözlərinə görə, Ankarada Türkiyə-Rusiya arasında gedən müzakirələrdə texniki məsələlərin hələ də razılaşdırıla bilməməsi onu göstərir ki, Rusiya mərkəzin əhəmiyyətini azaltmaqda Türkiyə isə əskinə tənzimləyici rolun mərkəzdə olmasını istəyir: "Bunun üçün də Rusiya  yaranacaq mərkəzin silahsız, Türkiyə isə silahlı olmasında maraqlıdır. Hesab edirəm ki, Türkiyə bu məsələdə haqlıdır və bu bəyanatın 5-ci bəndində də öz əksini tapıb. Yəqin, heç kimdə şübhə doğurmaz ki, sülhməramlıları ifadəsi əsasən hərbiləşmiş birliklərə aid olan ifadədir və sülhməramlı mərkəz deyəndə məhz hərbiləşmiş qüvvələrdən ibarət mərkəzin yaranmasından söhbət gedir".

O bildirib ki, Azərbaycan Ordusunun döyüş meydanında qazandığı bir mənalı və parlaq qələbəsinin diplomatik masaya transfer olunması bu məqamdan çox aslıdır: "Rəsmi Bakı yaranacaq mərkəzin mülki yox, silahlı qüvvələrdən ibarət olmasında siyasi iradə nümayiş etdirməlidir. Bu bizim üçün təkcə regionunda geosiyasi vəziyyətin xeyrimizə dəyişməsi və Türkiyə ilə Rusiyanın region uğrunda savaşı deyil, həm də Türkiya qarşısında mənəvi borcumuzdur".

"Bu alınmayacağı təqdirdə Azərbaycan-Türkiyə hərbi ittifaqının yaranmasının qaçılmaz olduğunu bəyan etməli və iki ölkənin birgə hərbi bazasının yaradılması istiqamətdə danışıqlara başlamalıdır. İndiki situasiyada ölkəmizə qarşıda Rusiya tərəfindən yaranacaq təhlükənin qarşısının alınmasında başqa alternativinidə görmürəm", - o bildirib. 

Noyabrın 10-da Rusiya, Azərbaycan prezidenləri və Ermənistan baş naziri müharibənin dayandırılması ilə bağlı bəyanat imzalayıblar. 

Bəyanata görə, Kəlbəcər, Ağdam və Laçın sənəddə müəyyən edilmiş qrafik üzrə boşaldılmalıdır. Ancaq noyabrın 15-də bildirilib ki, Kəlbəcərin boşaldılması 10 gün yubanacaq.

Bəyanatın 5-ci bəndində münaqişə tərəflərinin atəşkəs razılaşmasına nəzarətin səmərəliliyinin artırılması məqsədilə Rusiya-Türkiyə sülhməramlı qüvvələrindən ibarət mərkəzin yaradılması da nəzərdə tutulsa da, bu yöndə gedən danışıqlar və Ankara görüşü nəticəsiz qalıb.