“Financial Times” sənədlər yaydı: "Rusiyanın hədəfində Çin, İran, Şimali Koreya və Azərbaycan da var"

“Financial Times” sənədlər yaydı:

13-08-2024 15:49 / Bu xəbər 994 dəfə oxundu

Rusiya donanması NATO ilə potensial münaqişə vəziyyətində nüvə başlıqları daşıya bilən raketlərlə Avropadakı hədəflərə hücum etmək üçün təlimlər keçir. 

Bu barədə "Financial Times” yazır.

Nəşrin jurnalistləri Rusiyanın Ukraynaya müdaxiləsindən əvvəl zabitlər üçün hazırlanmış gizli təqdimatı tədqiq ediblər. 

Onların əldə etdiyi sənədlərdə həm adi, həm də nüvə başlıqları daşıya bilən raketlərin hədəflərinin siyahısı var. Çox güman ki, operativ istifadədən daha çox təqdimat üçün yaradılmış xəritələrdə Avropadakı Rusiya donanması üçün 32 hədəf göstərilir.

Baltik Donanması üçün hədəflər əsasən Norveç və Almaniyada verilib.

Onların arasında Bergendəki (Norveç) dəniz bazası, radiolokasiya stansiyaları və xüsusi təyinatlıların obyektləri var. 

Şimal Donanması, sənədlərə görə, hərbi gəmilərin və sualtı qayıqların tikildiyi Britaniyanın "Barrou-in-Furness"dəki gəmiqayırma zavodu da daxil olmaqla, müdafiə sənayesi obyektlərini vura bilər.

"Xəritələrdə Rusiyanın hazırkı müttəfiqləri - Çin, İran, Azərbaycan və Şimali Koreya ilə müharibə ssenariləri var", - FT qeyd edir.

NATO-nun keçmiş rəsmisi, hazırda Stimson Mərkəzinin analitik mərkəzində işləyən Uilyam Alberk "Financial Times”ə bildirib ki, bu, bütün Avropada "yüzlərlə, hətta minlərlə” hədəfin sadəcə nümunəsidir.

Sənədlər münaqişənin ilkin mərhələsində nüvə silahından istifadənin üstünlüklərindən bəhs edir. 

Onlar həmçinin Rusiya gəmilərinin nüvə silahı daşımaq qabiliyyətini göstərir. 

Donanmanın yüksək manevr qabiliyyəti müxtəlif istiqamətlərdən qəfil və kütləvi hücumlara imkan verir.

Sənədlərdə vurğulanır ki, nüvə silahları ümumiyyətlə digər silahlarla birlikdə istifadə üçün nəzərdə tutulub.

Sənədlərdə NATO ilə münaqişə zamanı əsas prioritet düşmənin hərbi və iqtisadi potensialının zəiflədilməsidir. 

"Financial Times”ın istinad etdiyi analitiklər hesab edirlər ki, bu, mülki hədəflərə və kritik infrastruktura zərbə endirmək deməkdir.

Təqdimatda həmçinin Qərb ölkələrini qorxutmaq üçün "nümayiş zərbəsi” variantı – ucqar ərazidə nüvə silahının partlatılmasından bəhs edilir. 

Sənədlərdə deyilir ki, belə bir zərbə "dəqiq idarə olunan qeyri-strateji nüvə silahlarının mövcudluğunu və istifadə etməyə hazırlığı” və "nüvə silahından istifadə etmək niyyətini” nümayiş etdirəcək. 

Nəşr vurğulayır ki, Rusiya heç vaxt öz doktrinasında belə zərbələrin olduğunu etiraf etməyib.

Nəşrin jurnalistləri tərəfindən araşdırılan sənədlər 2008-2014-cü illər arasında hazırlanıb. 

Sənədləri araşdıran analitiklər bildiriblər ki, bu məlumatlar NATO-nun Rusiya donanmasından gələn hücum təhlükəsi ilə bağlı qiymətləndirməsinə uyğundur.

"İyun ayında keçirilən qeyri-strateji nüvə qüvvələrinin təlimləri sənədlərin hələ də Rusiya doktrinasına uyğun olduğunu göstərir", - nəşr yazır. 

Bu təlimlərdə Rusiya hərbçiləri P-270 gəmi əleyhinə qanadlı raketlərin taktiki nüvə başlıqları ehtiyatının saxlanıldığı Kalininqradda raket katerlərinə yüklənməsini məşq edib.

Fevral ayında "Financial Times” eyni sənədlərə istinad edərək Rusiyanın taktiki nüvə silahından istifadə həddinin Rusiya hökumət rəsmilərinin açıq şəkildə bəyan etdiyindən aşağı olduğunu bildirmişdi. 

Belə silahlardan istifadənin səbəbi hətta Rusiyanın sualtı qayıqlarının 20%-ni itirməsi ola bilər.