Fransada bıçaqlanan Vidadi İsgəndərli xəstəxanada vəfat etdi

Fransada bıçaqlanan Vidadi İsgəndərli xəstəxanada vəfat etdi

01-10-2024 14:20 / Bu xəbər 652 dəfə oxundu

Siyasi mühacir Vidadi İsgəndərlinin Fransanın Müluz şəhərində xəstəxanada vəfat etdiyi bildirilir.

Bu barədə "Turan” agentliyinə onun qardaşı Oktay İsgəndərli məlumat verib.

Həkimlərin sözlərinə görə, qan itkisini dayandırmaq və normal nəfəs alma ssitemini bərpa etmək mümkün olmayıb.

Mərhumun dəfn mərasimi müvafiq məhkəmə-tibbi ekspertizadan sonra, təxminən bir həftə sonra baş tutacaq, deyə qardaşı bildirib.

Vidadi İsgəndərli sentyabrın 29-da Mülyuz şəhərində yaşadığı evdə naməlum şəxslərin hücumuna məruz qalıb.

Ona çoxsaylı bıçaq zərbələri vurulub.

Fransa polisi Vidadi İsgəndərlinin fiziki hücuma məruz qalması ilə bağlı hələ açıqlama verməyib.

Vidadi İsgəndərli 2022-ci il iyunun 16-da da Fransada eyni şəhərdə fiziki hücuma məruz qalıb.

O bildirib ki, qəfildən 10-12 nəfər silahlanmış insanlar onu öldürməyə cəhd ediblər.

O zaman polis müəyyən etmişdi ki, bu, yerli kriminal qrupların işidir.

İsgəndərli hesab edirdi ki, sifariş Azərbaycan hakimiyyətindən gəlib.

Vidadi İsgəndərli sosial şəbəkələrdə hakimiyyətin ünvanına sərt və emosional tənqidləri ilə tanınır.

O, 2011-ci ildə Bakıda saxlanılıb. Məhkəmə onu döymə, seçki hüquqlarının həyata keçirilməsinə mane olma və seçki komissiyalarının fəaliyyətinə müdaxilə ittihamı üzrə təqsirli bilərək 3,5 il azadlıqdan məhrum edib.

 O, 2012-ci ilin dekabrında Azərbaycan prezidentinin imzaladığı əfv sərəncamı ilə azadlığıa buraxılıb.

Hüquq müdafiəçisi hökmü qəbul etməyib və siyasi sifariş hesab edib.

İsgəndərli 2015-ci ildə Fransaya mühacirət edib.